Avtobus və metroda NFC ilə ödəniş zamanı bu problem niyə yaranır? - AÇIQLAMA
Bəzən Bakıda avtobus və metroda NFC vasitəsilə ödəniş etdikdə əməliyyat barədə bildiriş bizə çox gec gəlir, bəzi hallarda isə eyni ödənişlə bağlı bildiriş gün ərzində bir neçə dəfə təkrarlanır. Hətta elə hallar olur ki, kartda kifayət qədər vəsait olmadığını bilmədən NFC ilə ödəniş etməyə çalışırıq və validator ödəniş üçün kifayət qədər məbləğin olmadığını göstərir. Daha sonra başqa kartla ödəniş etdikdə isə məlum olur ki, ilk cəhd etdiyimiz kartdan da vəsait çıxılıb və əməliyyat sonradan həyata keçirilib.
Bəs avtobus və metroda NFC ilə ödəniş zamanı bu kimi halların əsas səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bank eksperti Emin Kərimov bildirdi ki, belə hallar gün ərzində bəzən baş verir.
Onun sözlərinə görə, bunlar əsasən prosessinq mərkəzi tərəfindən yaranan texniki fasilələr, texniki yenilənmələr, proqram təminatının yenilənməsi və ya həddindən artıq yüklənmə nəticəsində sistemdə yaranan müəyyən texniki problemlərlə əlaqəli çətinliklərdir:
“Bunlar müvəqqəti çətinliklərdir. Əməliyyat icra olunur, amma onun qəbzi və yaxud təsdiqi müəyyən dərəcədə gecikə bilər. Əsas odur ki, kartdan-karta əməliyyatıdırsa, köçürmə əməliyyatıdırsa və yaxud ictimai nəqliyyatdan istifadə zamanı ödəniş ediriksə, bu ödənişlər, kartdan-karta köçürmə, pulun alınması və yaxud bankomatdan vəsaitin məxaric olunması kimi proseslər icra olunur. Sadəcə olaraq, hesabatın, yəni əməliyyatın təsdiqinin gəlməsi müəyyən vaxt aparır.
Bu da əsasən arxa planda baş verən texniki proseslər səbəbindən hesabatın gecikməsi ilə bağlıdır. Məsələn, texniki dayanma ola bilər. İT mühəndisləri və İT komandası müəyyən sazlama işləri aparır, texniki işlər görür və bunun nəticəsində belə hallar yaranır. Amma əməliyyatın dərhal icra olunması, yəni müştəri məmnuniyyətinin qorunması təmin edilir. Əməliyyat icra olunur, sadəcə olaraq hesabatın qəbz şəklində və yaxud əməliyyatın təsdiqi formasında göndərilməsi müəyyən vaxt ala bilər. Məsələn, ilkin dövrlərdə ictimai nəqliyyatda, xüsusən də BakuBus sistemində, BakuPay-də belə nüanslar var idi. Son dövrlər bu məsələ həll olunub. Artıq ödəniş edərkən bəzi hallarda dərhal, bəzi hallarda isə bir neçə dəqiqə sonra əməliyyatın təsdiqi ilə bağlı hesabat gəlir”.

Ekspert vurğuladı ki, bu, sırf texniki məsələlərlə əlaqəlidir:
“Mütəmadi olaraq deyil, ara-sıra belə hallar özünü göstərir. Amma bu, daimi nəzarətdə olan prosesdir. Həm şirkət rəhbərləri, həm bank rəhbərləri, eyni zamanda İT komandası tərəfindən ciddi nəzarət həyata keçirilir. Bəzi hallarda 24 saat nəzarətdə olan bu proseslərdə kənarlaşmalar və yaxud xətalar baş verdikdə, onlar tez bir zamanda öz həllini tapır. Ümumilikdə götürdükdə isə texniki nasazlıqlar, texniki yenilənmələr və yaxud həddindən artıq yüklənmə nəticəsində yaranan problemlər dünya praktikasında da rast gəlinən hallardır. Texniki proseslərin olduğu yerdə müəyyən dərəcədə gecikmələrin olması mümkündür. Əsas odur ki, əməliyyatlar vaxtında icra olunsun və yaxud əməliyyatlardan əsassız şəkildə imtina edilməsin.
Banklar, prosessinq mərkəzləri, bankların öz prosessinq mərkəzləri və müxtəlif əməliyyat sistemləri bu proseslərdə iştirak edir. Müxtəlif əməliyyatların icrası üçün ümumiyyətlə bir neçə instansiya bu əməliyyatlara cəlb olunur. Prosessinq mərkəzləri, bankların əməliyyat sistemləri və bu zəncirdə iştirak edən digər sistemlər arasında hər hansı texniki ləngimə, texniki dayanma, nasazlıq, sistemin yenidən yüklənməsi və yaxud digər texniki proseslər əməliyyatların hesabata düşməsində müəyyən gecikmələrə səbəb ola bilər. Amma bunların hamısı nəzarət altında olan proseslərdir”.
NURİYYƏ













