Orta Dəhliz Azərbaycana nə qazandıracaq? - Deputatdan AÇIQLAMA
“Azərbaycan Prezidentinin Məşvərət Şurasının iclasındakı çıxışında qeyd etdiyi mühüm məqamlardan biri də ölkəmizlə Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistan arasında iqtisadi əlaqələrin son illərdə genişlənməsi idi. 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 53 faiz artaraq 1 milyard 765 milyon dollara çatıb”.
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirdi.
O qeyd etdi ki, Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə olunur:
“Ötən il Azərbaycanla Türkmənistan arasında 180 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Təbii ki, həm Türkmənistan, həm də Mərkəzi Asiyanın digər dövlətləri ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi əsas hədəflərdən biri olaraq qalır. Prezidentin səfəri də ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Eyni zamanda, yüksək səviyyəli səfərlərin sayının artması ölkələr arasında təkcə strateji deyil, həm də dostluq və qardaşlıq münasibətlərinin dərinləşdiyindən xəbər verir. Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistanla əməkdaşlıqda vacib istiqamətlərdən biri də beynəlxalq yükdaşımalarıdır.
Bu ilin ilk səkkiz ayında region üzərindən həyata keçirilən beynəlxalq yükdaşımaların həcmində 20 faiz artım qeydə alınıb. Söhbət Orta Dəhliz vasitəsilə daşınan yüklərdən gedir. Bu, nəqliyyat və logistika sahəsində əməkdaşlığın güclənməsinin ölkələrə daha çox gəlir əldə etmək imkanı yaratdığını göstərir. Eyni zamanda, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yeni logistik mərkəzlərin istifadəyə verilməsi bu imkanlardan daha səmərəli istifadə etməyə şərait yaradacaq”.
Millət vəkili həmçinin bildirdi ki, Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradır.
Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələr region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və ticarət dövriyyəsinin artmasına əlavə töhfə verə bilər.
İqtisadçı əlavə etdi ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanla Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistan arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı ola bilər.
"Bu, həm Türk dövlətləri arasında, həm də bütövlükdə region ölkələri arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq".
Xədicə BAXIŞLI













