Xarici ölkələrdən gətirilən malların sertifikatları Azərbaycanda necə tanınacaq? - Yeni qayda təsdiqləndi

 23:30 23.10.2026     178

Azərbaycana idxal olunan malların xarici ölkələrdə verilmiş uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin tanınması qaydası təsdiqlənib. Yeni mexanizm xarici uyğunluq sənədlərinin həqiqiliyinin yoxlanılmasını, onların beynəlxalq müqavilələrin şərtlərinə uyğunluğunun müəyyən edilməsini və tanınma prosesinin müddətlərini əhatə edir.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 23 oktyabr 2026-cı il tarixli, 352 nömrəli qərarında qeyd olunub.

Qərara əsasən, xarici ölkələrdə verilmiş uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tanına bilər. Bu zaman sənədlərin həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu yoxlanılır. Beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallarda isə sənədlər uyğunluğu qiymətləndirən qurumlara deyil, gömrük rəsmiləşdirilməsi zamanı birbaşa gömrük orqanına təqdim edilir.

Yeni qayda Azərbaycan Respublikasına idxal olunan, barəsində milli texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilən mallara şamil olunur.

Sənədlərin tanınması üçün hara müraciət edilməlidir?

Beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulmadıqda, idxalçı, istehsalçı və ya ticarət nümayəndəsi mal ölkəyə gətirilməzdən əvvəl sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciət etməlidir.

Ərizəyə uyğunluq sertifikatının və ya bəyannaməsinin əsli, yaxud təsdiqlənmiş surəti, malın istehsalçısı və sınaqları barədə məlumatlar, müvafiq texniki sənədlər, həmçinin idxal olunan mala dair nəqliyyat qaiməsi və hesab-faktura əlavə edilməlidir. Uyğunluq bəyannaməsinin tanınması üçün istehsalçının sabit istehsal şəraitinə malik olduğunu təsdiqləyən əlavə sənədlər də tələb olunur.

Xarici dildə tərtib edilmiş sənədlər Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümə ilə təqdim edilməlidir. Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə bilən sənəd və məlumatlar isə ərizəçidən tələb olunmur.

Tanınma üçün 3 iş günü müddəti müəyyən edilib

Qaydaya əsasən, uyğunluğu qiymətləndirən qurum təqdim edilən ərizəni qəbul etdiyi gün qeydiyyata almalıdır. Sənədlərdə aradan qaldırıla bilən çatışmazlıqlar aşkarlandıqda, bu barədə ərizəçiyə ən gec iki iş günü ərzində, tezkorlanan mallar üzrə isə bir iş günü ərzində məlumat verilməlidir.

Ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan etibarən ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu müddətdə tanınma prosesinin vaxt hesablanması dayandırılır.

Sənədlər qaydalara uyğun olduqda, uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyata alındığı tarixdən etibarən, müddətin dayandırıldığı hallar istisna olmaqla, üç iş günündən gec olmayaraq tanınma və ya imtina barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Müsbət qərar qəbul edildikdə, xarici sənədin tanınması uyğunluq sertifikatı ilə rəsmiləşdirilir və sertifikat Keyfiyyət informasiya sistemində yaradılaraq qeydiyyata alınır. Seriyalı istehsal olunan mallar üçün verilən sertifikatın müddəti, texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, beş ildən çox ola bilməz. Ayrı-ayrı mal vahidi və ya mal partiyası üçün isə müddət müəyyən edilmir.

Xarici sənəd tanınmadıqda nə baş verəcək?

Qaydaya görə, xarici uyğunluq sənədləri müəyyən edilmiş qaydada tanınmadıqda və ya belə sənədlər olmadıqda, təsərrüfat subyekti malları idxal etməzdən əvvəl onların Azərbaycan Respublikasının müvafiq milli texniki reqlamentinə uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir.

Xarici sınaq protokolları da müəyyən şərtlərlə tanına bilər. Bunun üçün protokolların əsli və ya müvafiq qaydada təsdiqlənmiş surətləri təqdim edilməli, sınaq nəticələrinin milli texniki reqlamentlərin tələblərinə uyğunluğu təhlil olunmalıdır. Xarici sınaq laboratoriyasının akkreditasiya orqanının müvafiq beynəlxalq və ya regional akkreditasiya təşkilatına üzvlüyü, yaxud qarşılıqlı tanınma sazişinin mövcudluğu da qaydada nəzərdə tutulan şərtlər sırasındadır.

Tanınmış sənədin qüvvəsi onun verildiyi xarici ölkədə dayandırıldıqda və ya sənəd ləğv edildikdə, yaxud qanunvericilikdə göstərilən digər hallarda Azərbaycanda da tanınma qərarının qüvvəsi dayandırıla və ya ləğv edilə bilər. Belə qərarlar Keyfiyyət informasiya sistemində qeydiyyata alınmalıdır.

Qeyd edək ki, yeni qayda xarici sertifikatların avtomatik qəbulunu nəzərdə tutmur. Sənədlərin tanınması onların həqiqiliyinin, müvafiq beynəlxalq müqavilələrin şərtlərinə uyğunluğunun və mallara aidiyyətinin yoxlanılması əsasında həyata keçiriləcək.

T. İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən