İxrac xərclərinə görə kompensasiya kimlərə verilməyəcək? - QƏRAR
Azərbaycan Respublikası Nazirlər Kabineti ixrac rəsmiləşdirilməsi xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı 23 oktyabr 2026-cı il tarixli qərara əsasən, kompensasiya dəstəyi müəyyən ixrac əməliyyatlarına və sahibkarlıq subyektlərinə şamil edilməyəcək. Qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 2031-ci il dekabrın 31-dək qüvvədə olacaq.
Siyahıya əsasən, Azərbaycan mənşəli olmayan və ya mənşə sertifikatı olmadan ixrac edilən mallara görə kompensasiya ödənilməyəcək. Həmçinin əvəzsiz, humanitar yardım kimi və barter çərçivəsində göndərilən mallar, müvəqqəti ixrac edilən məhsullar, eləcə də beynəlxalq tranzit və təkrar ixrac prosedurları üzrə müəyyən əməliyyatlar dəstəkdən kənarda qalacaq.
Ələt azad iqtisadi zonasına, sərbəst və xüsusi iqtisadi zonalara malların satışı, həmin zonalarda istehsal edilmiş məhsulların ixracı, rüsumsuz ticarət mağazalarında satış və sərhədyanı ticarət çərçivəsində həyata keçirilən satışlar da kompensasiya ilə əhatə olunmayacaq.
Bundan başqa, malın gömrük ərazisini tərk etməsindən 210 gün keçdikdən sonra müraciət edilən ixrac əməliyyatlarına, habelə 2026-cı il sentyabrın 1-dək ixrac gömrük proseduru altında yerləşdirilmiş mallara görə dəstək verilməyəcək. İxracdan əldə olunan vəsaitin qanunvericiliklə müəyyən edilmiş şərtlərə və müddətlərə uyğun olaraq Azərbaycanın müvəkkil olunmuş banklarındakı hesablara köçürülmədiyi əməliyyatlar da istisnalar sırasındadır.
Qərarda ixrac edilən malın sonradan Azərbaycana qaytarılması ilə bağlı xüsusi şərt də müəyyənləşdirilib. Belə ki, kompensasiya ödənildikdən sonra mal ölkəyə tam və ya qismən geri qaytarılarsa, ödənilmiş dəstəyin müvafiq hissəsi ixracatçı tərəfindən geri qaytarılmalıdır.
Kompensasiya kimlərə verilməyəcək?
Qərara əsasən, müflis elan edilmiş, iflas proseduruna başlanmış, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılmış hüquqi şəxslər, eləcə də bu vəziyyətdə olan sahibkar fiziki şəxslər kompensasiya ala bilməyəcəklər.
Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə vaxtı keçmiş borcları olan vergi ödəyiciləri də dəstəkdən yararlana bilməyəcəklər. Bununla belə, Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən vergi borcunun ödənilməsinə möhlət hüququ olan şəxslər bu məhdudiyyətdən istisna edilib. Gömrük borcunu ödəməyən xarici ticarət iştirakçılarına da kompensasiya şamil olunmayacaq.
Siyahıda dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən qurumlar, eləcə də səhmlərinin və ya paylarının azı 51 faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər də yer alıb.
Vergi, qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma cinayətlərinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, eləcə də onların təsis etdikləri digər hüquqi şəxslər də kompensasiya ala bilməyəcəklər. Barəsində qüvvədə olan riskli vergi ödəyicisi qərarı olan şəxslər üçün də eyni məhdudiyyət nəzərdə tutulub.
Hasilatın pay bölgüsü haqqında sazişlərin podratçıları və əməliyyat şirkətləri, faydalı qazıntıların hasilatı ilə məşğul olanlar, gömrük təmsilçiləri — təmsil etdikləri şəxslərin ixrac etdikləri mallara münasibətdə —, həmçinin kompensasiya, ixrac və daxili daşıma dəstəyi üzrə vəsaitləri geri qaytarmaq öhdəliyini yerinə yetirməyən şəxslər də dəstəkdən yararlana bilməyəcəklər.
Bundan əlavə, sərbəst və xüsusi iqtisadi zonaların rezidentləri, Ələt azad iqtisadi zonasının hüquqi şəxsləri və inzibati müəssisələri, eləcə də müəyyən edilmiş meyarlara əsasən iri sahibkarlıq subyekti hesab edilən ixracatçılar kompensasiya dəstəyindən kənarda saxlanılıb.
Qeyd edək ki, qərarla təsdiqlənən siyahı ixrac rəsmiləşdirilməsi xərclərinə görə kompensasiyanın hansı əməliyyatlara və şəxslərə şamil edilməyəcəyini müəyyənləşdirir.
T. İSMAYIL












