İxrac və daxili daşıma dəstəyi kimlərə verilməyəcək? - QƏRAR
Azərbaycan Respublikası Nazirlər Kabineti ixrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı 23 oktyabr 2026-cı il tarixli 350 nömrəli qərara əsasən, dəstəkdən yararlana bilməyən əməliyyatlar sırasında müəyyən ixrac əməliyyatları, Naxçıvandan ölkənin digər ərazilərinə həyata keçirilən bəzi daşımalar və ayrı-ayrı sahibkarlıq subyektləri yer alıb.
Qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 2036-cı il dekabrın 31-dək qüvvədə olacaq.
İxrac daşımalarına görə hansı hallarda dəstək verilməyəcək?
Təsdiqlənən siyahıya əsasən, Azərbaycan mənşəli olmayan malların ixracına, beynəlxalq tranzit proseduru altında ölkə ərazisindən çıxarılan mallara, əvəzsiz və humanitar yardım kimi göndərilən məhsullara görə ixrac daşıma dəstəyi ödənilməyəcək.
Sərhədyanı ticarət çərçivəsində malların satışı, rüsumsuz ticarət mağazalarında satış, barter əməliyyatları, müvəqqəti ixrac və xaricdə emal prosedurları üzrə ixrac əməliyyatları da dəstəkdən kənarda saxlanılıb. Ələt azad iqtisadi zonasına, sərbəst və xüsusi iqtisadi zonalara satılan mallar, həmçinin gömrük anbarında yerləşdirilmiş xarici malların ixracı da bu siyahıya daxildir.
Malın gömrük ərazisini tərk etməsindən 210 gün keçdikdən sonra müraciət edilən ixrac əməliyyatlarına görə də dəstək verilməyəcək. Eyni zamanda, malın daşınma xərcini ixracatçının çəkmədiyi daşımalar və 2026-cı il sentyabrın 1-dək həyata keçirilmiş ixrac daşımaları dəstəkdən yararlana bilməyəcək.
İxracdan əldə edilən vəsaitin qanunvericiliklə müəyyən olunmuş şərtlərə və müddətlərə uyğun olaraq Azərbaycanın müvəkkil olunmuş banklarındakı hesablara köçürülmədiyi əməliyyatlar da istisnalar sırasındadır.
Qərarda ixrac edilən malın sonradan ölkəyə qaytarılması ilə bağlı ayrıca şərt də müəyyənləşdirilib. İxrac daşıma dəstəyi ödənildikdən sonra mal Azərbaycana tam və ya qismən geri qaytarılarsa, dəstək məbləğinin müvafiq hissəsi ixracatçı tərəfindən geri ödənilməlidir.
Naxçıvandan daşımalarla bağlı məhdudiyyətlər
Daxili daşıma dəstəyi üzrə də bir sıra istisnalar müəyyən edilib. Belə ki, Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər ərazilərinə quru yolu ilə daşınan neft-qaz mallarına dəstək verilməyəcək. Naxçıvanda istehsal olunmayan və ya Azərbaycan mənşəli olmayan malların həmin istiqamətdə quru yolu ilə daşınması da dəstəkdən kənarda qalacaq.
Naxçıvanda istehsal olunan malların ölkənin digər ərazilərinə hava yolu ilə daşınması, Naxçıvandan ixrac edilən malların Azərbaycanın digər ərazilərinə geri qaytarılması və daşınma xərcinin satıcı (malgöndərən) tərəfindən çəkilmədiyi hallar da kompensasiya ilə əhatə olunmayacaq.
Bundan başqa, malın Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etməsindən 210 gün keçdikdən sonra müraciət edilən daxili daşımalar, eləcə də 2026-cı il sentyabrın 1-dək həyata keçirilmiş daşımalar üçün dəstək nəzərdə tutulmur.
Naxçıvandan ölkənin digər ərazilərinə daşınmış mal sonradan muxtar respublikaya tam və ya qismən qaytarılarsa, ödənilmiş daxili daşıma dəstəyinin müvafiq hissəsi satıcı və ya malgöndərən tərəfindən geri qaytarılmalıdır. Ələt azad iqtisadi zonasına, sərbəst və xüsusi iqtisadi zonalara satılan malların daşınması da dəstəkdən kənarda saxlanılıb.
Hansı şəxslər dəstək ala bilməyəcək?
Qərara əsasən, müflis elan edilən, barəsində iflas proseduru başlanılan, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılan hüquqi şəxslər, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ixrac və daxili daşıma dəstəklərindən yararlana bilməyəcəklər.
Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə vaxtı keçmiş borcları olan vergi ödəyiciləri, habelə gömrük borcunu ödəməyən xarici ticarət iştirakçıları da dəstək ala bilməyəcəklər. Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən vergi borcunun ödənilməsinə görə möhlət hüququ olan şəxslər bu məhdudiyyətdən istisna edilib.
Dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları və dövlət büdcəsindən, eləcə də dövlətə məxsus digər fondlardan maliyyələşən orqan və qurumlar da siyahıya daxil edilib.
Vergi, qaçaqmalçılıq və gömrük ödənişlərindən yayınma cinayətlərinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, eləcə də onların təsis etdikləri digər hüquqi şəxslər də dəstəkdən yararlana bilməyəcəklər. Barəsində qüvvədə olan riskli vergi ödəyicisi qərarı olan şəxslər üçün də məhdudiyyət nəzərdə tutulub.
Bundan əlavə, hasilatın pay bölgüsü haqqında sazişlərin podratçıları və əməliyyat şirkətləri, faydalı qazıntıların hasilatı ilə məşğul olanlar, gömrük təmsilçiləri — təmsil etdikləri şəxslərin daşınan mallarına münasibətdə —, həmçinin ixrac və daxili daşıma dəstəklərini və ixrac rəsmiləşdirilməsi xərclərinə görə kompensasiyanı geri qaytarmaq öhdəliyini yerinə yetirməyən şəxslər də dəstək ala bilməyəcəklər.
Qeyd edək ki, qərarla təsdiqlənən siyahı ixrac və daxili daşıma dəstəklərinin tətbiq edilmədiyi halları müəyyənləşdirir. Sənədin qüvvədə olma müddəti 2036-cı il dekabrın 31-dək nəzərdə tutulub.
T. İSMAYIL












