Hansı mallar Azərbaycan mənşəli sayılacaq? - Yeni qaydalar

 00:10 24.10.2026     144

Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarına görə ixrac və daxili daşıma dəstəyi ödənilməsi zamanı malların mənşəyinin müəyyənləşdirilməsi qaydası təsdiqlənib. Yeni qaydalar məhsulların hansı hallarda Azərbaycan mənşəli hesab ediləcəyini, sahibkarların hansı sənədləri təqdim etməli olduğunu və mənşə rəyinin alınması prosedurunu müəyyən edir.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin 23 oktyabr 2026-cı il tarixli 349 nömrəli qərarına əsasən, sənəd 2026-cı il sentyabrın 1-dən 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara şamil olunur. Qərar 2036-cı il dekabrın 31-dək qüvvədə olacaq.

İxrac edilən malların mənşəyi necə müəyyənləşdiriləcək?

Qaydaya əsasən, ixrac daşıma dəstəyinin ödənilməsi zamanı qeyri-neft-qaz məhsullarının Azərbaycan mənşəli olması iki üsulla müəyyən edilir.

Avropa İttifaqına üzv dövlətlərə, Norveç və İsveçrəyə ixrac edilən mallar üzrə ixracatçıya Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemində (REX) qeydiyyata alınmasını təsdiqləyən kod verilməli və məhsul həmin kod əsasında ixrac edilməlidir.

Bu hal istisna olmaqla, ixrac edilən mal Azərbaycan mənşəyini təsdiqləyən mənşə sertifikatı ilə müşayiət olunmalıdır.

Naxçıvanda istehsal olunan mallar hansı şərtlərlə dəstək alacaq?

Daxili daşıma dəstəyinin ödənilməsi zamanı malların Azərbaycan mənşəli olması İstehlak Mallarının Ekspertizası Mərkəzinin verdiyi mənşə rəyi əsasında müəyyənləşdiriləcək.

Qaydaya görə, Naxçıvan Muxtar Respublikasında tam istehsal edilmiş mallar Azərbaycan mənşəli hesab edilə bilər. Bununla yanaşı, muxtar respublikada kifayət qədər emal olunmuş mallar da müəyyən meyarlara cavab verdikdə bu statusu əldə edə bilər.

Kifayət qədər emalın müəyyənləşdirilməsi üçün iki əsas meyar nəzərdə tutulub:

  • Emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mövqeyinin ilk dörd rəqəmindən ən azı biri səviyyəsində dəyişiklik baş verməlidir.
  • İstehsalda istifadə olunan Azərbaycan mənşəli olmayan materialların dəyəri son məhsulun franko-zavod qiymətinin 50 faizindən artıq olmamalıdır.

Bu meyarlardan ən azı birinə cavab verən məhsul müvafiq qaydada Azərbaycan mənşəli hesab edilə bilər.

Mənşə rəyi almaq üçün hansı sənədlər tələb olunur?

Mənşə rəyi almaq istəyən satıcı və ya malgöndərən İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət etməlidir. Ərizəyə, tələb olunan hallarda, aşağıdakı sənədlər əlavə olunur:

  • Hüquqi şəxsin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti və ya fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
  • İstehsal sahəsinin və texniki təchizatın mövcudluğunu təsdiq edən sənədlər;
  • İstehsalda istifadə olunan xammal, yarımfabrikat və digər materialların alınmasını təsdiq edən sənədlər;
  • Məhsulun adı, illik proqnozlaşdırılan miqdarı və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;
  • Ərizəçi məhsulun istehsalçısı olmadıqda, həmin malı əldə etdiyini təsdiq edən sənədlər.

Dövlət informasiya sistemləri vasitəsilə əldə edilməsi mümkün olan sənədlər ərizəçidən tələb edilməyəcək. Həmin məlumatların elektron sistemdən alınması mümkün olmadıqda isə onlar qanunvericilikdə nəzərdə tutulan qaydada sorğu ilə əldə edilə və ya ərizəçi tərəfindən təqdim oluna bilər.

Müraciətə neçə günə baxılacaq?

Mərkəz ərizəni qəbul etdiyi gün qeydiyyata alır. Sənədlərdə aradan qaldırıla bilən çatışmazlıqlar aşkar edilərsə, bu barədə ərizəçiyə bir iş günündən gec olmayaraq məlumat verilməlidir. Ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan etibarən ən geci 15 iş günü ərzində aradan qaldırmalıdır.

Sənədlərdə çatışmazlıq olmadıqda, ekspertizanın müsbət nəticəsi əsasında mənşə rəyi ərizənin qeydiyyata alındığı tarixdən etibarən beş iş günü müddətində verilir. Ekspertizanın nəticəsi mənfi olarsa, Mərkəz əsaslandırılmış imtina qərarı qəbul edir və bunu bir iş günü ərzində ərizəçiyə bildirir.

Mənşə rəyinin verilməsindən imtina barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət etmək mümkündür.

Mənşə rəyi nə qədər qüvvədə olacaq?

Qaydaya əsasən, verilmiş mənşə rəyi həmin qaydanın qüvvədə olduğu müddətdə eyni mal üzrə sonradan həyata keçirilən daxili daşımalar üçün də qüvvədə qalacaq. Sahibkar müxtəlif məhsullar üzrə ayrıca mənşə rəyi almaq üçün müraciət edə bilər.

Məhsulun istehsal texnologiyasında və ya istifadə olunan materialların mənşə strukturunda onun Azərbaycan mənşəli hesab edilməsinə təsir göstərən dəyişikliklər baş verərsə, sahibkar yenidən müraciət etməlidir.

Qeyd edək ki, mənşə rəyinin alınması üçün göstərilən ekspertiza xidmətləri ödənişlidir. Xidmətlər sahibkarla İstehlak Mallarının Ekspertizası Mərkəzi arasında bağlanan müqavilə əsasında həyata keçirilir və tariflər Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə tənzimlənir.

T. İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən