Rayonlar dotasiya almadan necə maliyyələşəcək? - VİDEO

 12:06 03.11.2026     124

Məlum olduğu kimi, gələn il 67 şəhər və rayonun yerli xərclərinin əlavə dotasiya ayrılmadan ödənilməsi proqnozlaşdırılır.

Redaktor.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsində həmin şəhər və rayonlar üzrə gəlirlər 18 milyard 430 milyon manat, yerli xərclər isə 735 milyon 575 min manat göstərilib. Çünki layihədəki hər bir şəhər və rayon üzrə nəzərdə tutulan gəlirlər yerli xərclərə bərabərdir və ya ondan çoxdur.

İqtisadçı Eyyub Kərimli bildirib ki, yerli xərclər sakinlərin gündəlik istifadə etdiyi infrastrukturun saxlanılması və yenilənməsi ilə bağlı bir sıra işləri əhatə edir:

“Rayon İcra Hakimiyyətinin yerli xərclərinə əsasən, rayonda həyata keçirilən abadlıq və təmir işləri, parkların salınması, məhəlləarası yolların abadlığı, tədbirlərin təşkili, həmçinin bəzi kiçik infrastruktur layihələrin həyata keçirilməsi, müəyyən sosial həssas əhali təbəqəsinə sosial təminatın həyata keçirilməsindən ibarətdir”. 

Layihəyə əsasən, şəhər və rayonlar üzrə toplanması proqnozlaşdırılan gəlirlərin hamısı yerli xərclərə sərf edilməyəcək. Bu xərcləri üstələyən vəsaitlərin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsi nəzərdə tutulur. Sənəddə söhbət rayonların bütün maliyyə ehtiyaclarının müstəqil qarşılanmasından deyil, müəyyən edilmiş yerli xərclərin həmin ərazilər üzrə gəlirlər hesabına ödənilməsindən gedir. 

Ekspertin fikrincə, yerli səviyyədə maliyyələşdirilən layihələr yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, sahibkarlığın inkişafı baxımından də əhəmiyyət daşıyır:

“Büdcə xərcləri ümumiyyətlə əhalinin sosial rifahının artırılması, infrastrukturun yaxşılaşdırılması, müasir infrastrukturun yaradılmasını təmin edir. Bu baxımdan bu layihələrin həyata keçirilməsi ümumilikdə rayonda sahibkarlığın inkişafına, əhalinin yeni iş yerlərinin açılmasına və ümumilikdə regionun daha sosial müasirləşməsinə ciddi töhfə verir”. 

Qanun layihəsində gəlirlərin yerli xərcləri ödəmədiyi hallar üçün də mexanizm göstərilib. Sənəddə belə vəziyyət yarandıqda, şəhər və rayonlara onların yerli xərclərinin 10%-dən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur. 

Qeyd edək ki, yerli xərclərin öz gəlirləri hesabına qarşılanması əvvəlki illərdə də tətbiq edilib. 2026-cı ilin dövlət büdcəsində yalnız bir rayon üçün dotasiya nəzərdə tutulmuşdu. 2027-ci il üzrə təqdim olunan layihədə isə 67 şəhər və rayonun hamısının yerli xərclərinin öz gəlirləri hesabına ödənilməsi proqnozlaşdırılır.

Daha ətraflı videomaterialda:

Vumart və Güvən reklamı Vumart Güvən