Qoyun əti üzərinə nişan qoyulması üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır

 11:59 05.11.2026     16

Qoyun və donuz əti (1 cəmdək) üzərinə nişanın qoyulması (1 müayinə üçün) üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır.

Redaktor.az-ın xəbərinə görə, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, qoyun və donuz ətinin (1 cəmdək), donuz piyinin (1 partiya) baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsinə və ya məhsulların üzərinə nişanın qoyulmasına görə 4 (dörd) manat məbləğində dövlət rüsumu müəyyən edilib.

Halbuki 18.66-2-ci maddədə qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 (beş) manat rüsum müəyyən olunub. Belə olan halda, çəkisi daha az olan və daha çox kəsimə təqdim olunan qoyun (1 cəmdək) üçün 4 (dörd) manat rusum kifayət qədər yüksək məbləğ hesab edilir.

Həmçinin təhlillər də göstərib ki, qeyd olunan dövlət rüsumunun məbləği sahibkarlar üçün əlavə maliyyə yükü yaradır və bu hal heyvan mənşəli məhsulların maya dəyərinə, nəticə etibarilə satış qiymətlərinə təsir göstərir. Eyni zamanda, cari rüsum məbləği bəzi hallarda qanunsuz heyvan kəsimi fəaliyyətinə rəvac verən amillərdən biri kimi qiymətləndirilə bilər. Bu səbəbdən həmin xidmət üzrə dövlət rüsumunun 4 (dörd) manatdan 2 (iki) manata dəyişdirilməsi nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən