Azərbaycanda maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq OLUNACAQ

 12:01 11.11.2026     80

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq.

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, işçilərə əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilən məlumatlar əsasında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur: "Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək. Bu mexanizmin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənilə biləcək".

Nazir müavini əlavə edib ki, nəticədə, əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkar edilməsi və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşdırılacaq: "Bununla yanaşı, nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır. Bu, həmçinin əmək münasibətlərinin iştirakçıları üçün əməkhaqqı və digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar, həmçinin şəxsin gəlir tarixçəsi barədə məlumatların elektron qaydada əldə edilməsi imkanını yaradacaq".

Z.Əliyev vurğulayıb ki, bu sistemin tətbiqi işəgötürənlərin hesabatlılıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılmasına, məzuniyyət və müvəqqəti əmək qabiliyyətsizliyi hallarında orta əməkhaqqının avtomatik hesablanmasına xidmət edəcək: "Təklif olunan dəyişikliklər əmək münasibətlərində şəffaflığın artırılmasına, məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcək".

Vumart və Güvən reklamı Vumart Güvən