Azərbaycan təkcə neft və qaz ixrac etməyəcək - AÇIQLAMA

 18:51 12.11.2026     44

Bildiyimiz kimi, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid bu gün beynəlxalq gündəliyin əsas məsələlərindəndir. Bu məsələlərin müzakirə olunduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) bu il Türkiyə ev sahibliyi edir. COP31 ekoloji əməkdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs COP31 çərçivəsində Azərbaycan üçün hansı konkret ekoloji nəticələrin əldə olunmasını gözləmək olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirdi ki, yaşıl enerji potensialının beynəlxalq platformada təqdim olunması ölkənin enerji ixracatçısı kimi mövqeyinə, əlbəttə ki, müsbət təsir göstərəcək.

"Düzdür, biz bu prosesə hələ indi başlayırıq. Hazırda infrastruktur qurulur və yaxın illərdə yaşıl enerji istehsalına başlanılacaq. Yəni külək və günəş enerjisi potensialımızı reallaşdıracağıq. Bu enerjinin ixrac olunması göstərəcək ki, Azərbaycan yalnız neft-qaz hasil edən və ixrac edən ölkə deyil, eyni zamanda bərpaolunan enerji ehtiyatlarından da səmərəli istifadə edən ölkəyə çevrilir. Bununla da Azərbaycan ümumilikdə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermiş olacaq. Yəni atmosferə atılan karbon qazının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkəyə çevriləcək".

Müsahibimiz COP31 çərçivəsində konkret ekoloji nəticələrdən danışmaq üçün hələ tez olduğunu bildirdi:

"Çünki COP tədbirləri BMT tərəfindən təşkil olunur. Burada BMT-yə üzv olan, eləcə də İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi olan hər bir ölkə öz nailiyyətlərini təqdim edir, digər ölkələrin təcrübəsini öyrənir və öz təcrübəsini onlarla bölüşür. COP çərçivəsində konkret ekoloji nəticələrdən danışmaq bir qədər uyğun deyil. Çünki heç bir ölkə COP-dan birbaşa ekoloji nəticə gözləmir. Hər bir ölkə öz ekologiyası və ətraf mühitin mühafizəsi ilə bağlı fəaliyyətini fərdi şəkildə həyata keçirir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən