Gələn il büdcə pulları hara xərclənəcək? - Nazir AÇIQLADI

 12:02 16.11.2026     42

"Növbəti ildən başlayaraq bu göstəricinin büdcənin tərtib edildiyi dövrdən bəri ən yaxşı səviyyəyə çatacağı gözlənilir. Orta müddətli dövrdə, yəni 2029-cu ildə 19 faizə, 2030-cu ildə isə 12 faizə endirilməsi əsas hədəflərimizdəndir. 2027-ci ildə icmal büdcənin gəlirlərində qeyri-neft sektorunun payı 64,5 faizə, dövlət büdcəsinin gəlirlərində isə 60,6 faizə çatacaq. Bu göstəricilər cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz bəndi çoxdur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri hesabına ödənilməsi səviyyəsinə müsbət təsir göstərir. Belə ki, növbəti ildə bu göstəricinin 90,1 faizə bərabər olacağı gözlənilir. Orta müddətli dövrün sonunadək cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına qarşılanması nəzərdə tutulur.

"2027-ci il üçün dövlət büdcəsi investisiya yönümlüdür. Belə ki, növbəti ildə dövlət büdcəsinin əsaslı xərcləri ümumi büdcə xərclərinin 32,5 faizini təşkil edəcək. Bu göstərici iqtisadi artım tempini xeyli üstələyir. Dövlət büdcəsinin gəlirlərinin 23,8 milyard manatını və ya 60,6 faizini qeyri-neft sektorundan daxilolmalar, 15,5 milyard manatını və ya 39,4 faizini isə neft sektorundan daxilolmalar təşkil edəcək. Qeyri-neft sektorundan daxilolmalar cari illə müqayisədə 1,6 milyard manat və ya 7,2 faiz artırılacaq. Neft sektorundan daxilolmalar isə əksinə, 955 milyon manat və ya 5,8 faiz azaldılacaq. Neft sektorundan daxilolmaların azalması Dövlət Neft Fondundan transfertin 550 milyon manat azaldılması ilə bağlıdır. Qeyri-neft gəlirlərinin artması hesabına 2027-ci ildə dövlət büdcəsinə transfertin azaldılması makroiqtisadi sabitliyin qorunmasına və uzunmüddətli büdcə dayanıqlılığının təmin edilməsinə imkan verəcək. Növbəti ildə 18,4 milyard manat və ya 47 faiz dövlət investisiyaları vasitəsilə daxilolmaların təmin edilməsi nəzərdə tutulur. Bu, cari illə müqayisədə 2,5 milyard manat və ya 9 faiz çoxdur. Həmin daxilolmaların 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft sektorundan təmin ediləcək".

Nazir sosial xərclərdən də bəhs etdi:

"Eyni zamanda, dövlət başçısının sosial siyasət kursuna uyğun olaraq, 2027-ci ildə sosial yönümlü xərclər əsas prioritetlərdən biri olacaq. Belə ki, dövlət büdcəsindən sosial yönümlü xərclərin maliyyələşdirilməsi üçün 18,7 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 3,5 milyard manat çoxdur. son beş ildə sosial müdafiə xərcləri 4,4 milyard manat və ya 30,6 faiz artıb. Gələn il üçün nəzərdə tutulan vəsait 2025-ci ilin icra göstəricisindən 360 milyon manat çoxdur.2027-ci ildə icmal büdcənin sosial müdafiə və sosial təminat xərcləri 12,9 milyard manat təşkil edəcək. Bu, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,2 milyard manat və ya 21 faiz çoxdur. Gələn il səhiyyə xərcləri üçün dövlət büdcəsindən 2,1 milyard manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ilin icra göstəricisindən 409 milyon manat çoxdur. 2027-ci ildə icmal büdcənin səhiyyə xərcləri 4 milyard manat olacaq. Bu da 2025-ci illə müqayisədə 1 milyard manat və ya 36 faiz artım deməkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən