Mərkəzi Bank sədrindən yeni iqtisadi proqnoz: Gələn il bizi nə gözləyir?
"2027-ci ilin sonunda Azərbaycanda ümumi daxili məhsulun 3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artacağı gözlənilir. Geosiyasi gərginliklərə baxmayaraq, ölkədə iqtisadi inkişaf davam edib, sosial rifahın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib və makroiqtisadi sabitlik qorunub".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2026-cı ilin yekununda illik inflyasiyanın 5,1 faiz olacağı, orta müddətli dövrdə isə 2027-ci ilin sonunda 8 faizə yüksələcəyi proqnozlaşdırılır:
"2026-cı ilin ilk 10 ayında iqtisadi artım 1,1 faiz, qeyri-neft-qaz sektorunda artım isə 3,9 faiz təşkil edib. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2027-ci ilin sonunda ümumi daxili məhsulun 3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artacağı gözlənilir. 9 aylıq gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 10,1 milyard dollar təşkil edib. Cari əməliyyatlar balansının 6 aylıq göstəricisi isə 4,7 milyard dollar olub ki, bu da ÜDM-in 4 faizinə bərabərdir. 2026-cı ildə cari əməliyyatlar balansının profisiti 8,5 milyard dollar, 2027-ci ildə isə 5,5 milyard dollar səviyyəsində olacaq".
NURİYYƏ













