Böyük Britaniya ilə razılaşma Azərbaycana nə qazandıracaq? - Deputatdan AÇIQLAMA

 18:27 16.11.2026     46

Azərbaycan və Böyük Britaniya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı əsas istiqamətlər kimi müəyyənləşdirilib. Sənəddə, həmçinin Orta Dəhlizin inkişafına dəstək və yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri də əksini tapıb.

Bu razılaşma Azərbaycan iqtisadiyyatına hansı real iqtisadi dividendləri qazandıra bilər? Xüsusilə, Böyük Britaniyadan ölkəmizə yeni investisiyaların cəlb olunması və qeyri-neft sektorunun inkişafı baxımından hansı imkanlar yaranır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti bir sıra mühüm görüşlər keçirib:

"Görüşlərdə Azərbaycanın mövqeyi, eləcə də regiondakı geosiyasi və geoiqtisadi vəziyyət xüsusi müzakirə olunub. Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Praktik olaraq, bu, Prezidentin Dublin səfərinin Azərbaycanla bütövlükdə Avropa İttifaqı arasında münasibətlərdə yeni mərhələnin başlanmasına töhfə verəcəyindən xəbər verir".

Deputatın fikrincə, Avropanın ən güclü dövlətlərindən biri olan Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması həmin ölkədən və bütövlükdə Avropadan Azərbaycana daha çox texnologiya və innovasiyanın cəlb edilməsinə imkan yaradacaq.

"Bu isə, təbii ki, Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafı baxımından yeni imkanlar deməkdir. Bu baxımdan, Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısında iştirakı bir tərəfdən ölkəmizin regional və qlobal məsələlərlə bağlı mövqeyinin bir daha təqdim olunmasına, digər tərəfdən isə strateji tərəfdaşlıq münasibətlərimizin olduğu və regionda xüsusi mövqeyə malik dövlətlərlə əlaqələrimizin daha da dərinləşməsinə gətirib çıxaracaq", - deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən