İlham Əliyevin Vyetnam səfəri hansı iqtisadi imkanlar yaradacaq? - Deputatdan AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri iki ölkə arasında ötən il elan edilmiş Strateji Tərəfdaşlıq münasibətlərini real iqtisadi, siyasi və logistik layihələrlə möhkəmləndirmək baxımından mühüm tarixi mərhələdir. 2025-ci ilin mayında iki ölkə arasında Strateji Tərəfdaşlıq münasibətləri elan edildikdən sonra baş tutan bu rəsmi səfər həm ikitərəfli münasibətlərin genişlənməsi, həm də regional və qlobal kontekstdə mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri Redaktor.az-a Prezident İlham Əliyevin Vyetnam səfərini dəyərləndirən deputat Əli Məsimli səsləndirdi.
O vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq və ölkənin digər ali rəhbərləri ilə Hanoyda keçirdiyi görüşləri siyasi bəyannamələrdən real iqtisadi icraya keçid mərhələsi kimi dəyərləndirmək olar:
"Bu görüş yüksək səviyyəli siyasi dialoqun davamlılığının təmin edilməsi və tərəflər arasında qəbul edilmiş sənədlərin icrası üçün birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Səfər zamanı Azərbaycan Prezidentinin Vyetnamın Baş naziri ilə görüşünün xüsusi önəmi ondan ibarətdir ki, aparılan müzakirələr ikitərəfli razılaşmaların birbaşa praktiki tətbiqinə və hökumətlərarası komissiyanın fəaliyyətinə təkan verəcək. Əməkdaşlığın genişlənəcəyi əsas sahələrə gəldikdə, demək olar ki, 2025-ci ildə 150 milyon ABŞ dollarını ötən ticarət dövriyyəsinin mövcud potensialdan xeyli aşağı olduğunu vurğulayan tərəflər bu səfərdən sonra bir neçə istiqamətdə əlaqələri dərinləşdirə bilərlər".
Millət vəkilinin sözlərinə görə, ilk olaraq, nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlıq genişlənəcək:
"Cənub-Şərqi Asiya ilə Avropa arasındakı qlobal təchizat zəncirində Azərbaycanın yaratdığı Orta Dəhliz və "Şimal-Cənub" marşrutları Vyetnamın ixrac məhsullarının Avropa və Yaxın Şərq bazarlarına ən qısa yolla çatdırılması üçün unikal imkan yaradır. İkinci, ənənəvi neft-qaz sahəsində SOCAR və "PetroVyetnam" arasında əməkdaşlıqla yanaşı, külək və günəş elektrik stansiyalarının tikintisi kimi bərpaolunan enerji layihələri prioritet istiqamətə çevrilir. Üçüncü olaraq, Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı, xüsusilə azad edilmiş ərazilərdə və sənaye zonalarında birgə müəssisələrin qurulması, eləcə də Azərbaycanın Vyetnam iqtisadiyyatına sərmayə qoyuluşu genişlənə bilər.
Dördüncü, Vyetnamın aqrar məhsullarının (çay, qəhvə, düyü, dəniz məhsulları) Azərbaycan üzərindən regiona ixracı və Azərbaycanın qeyri-neft məhsullarının Vyetnam bazarına çıxarılması ticarət balansını şaxələndirəcək. Beşinci, iki ölkə arasında viza rejiminin sadələşdirilməsi və birbaşa nəqliyyat əlaqələrinin qurulması müzakirə olunan əsas mövzulardandır. Bu addımlar qarşılıqlı turist axınını və işgüzar səfərləri kəskin artıra bilər. Son olaraq, Strateji Tərəfdaşlıq çərçivəsində müdafiə texnologiyaları, rəqəmsal təhlükəsizlik, eləcə də universitetlərarası mübadilə və təhsil qrant proqramları üzrə əməkdaşlıq daha sistemli xarakter alacaq".
Əli Məsimli qeyd etdi ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır:
"Azərbaycan-Vyetnam əməkdaşlığı ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir. İki ölkə qüvvələrini birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilər. Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir və sözügedən istiqamətlərdə birgə fəaliyyət yaxın illərdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək".
NURİYYƏ













