Azərbaycan Vyetnama nə ixrac edə bilər? - Deputat AÇIQLADI

 20:29 20.11.2026     40

"Azərbaycanla Vyetnam arasında iqtisadi-ticari əlaqələrin davamlı inkişafı müşahidə olunur. Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Xüsusilə nəzərə alsaq ki, Vyetnam Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı baxımından yeni bazarlardan birinə çevrilə bilər".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov bildirdi.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsində idxalın payı ixracla müqayisədə xeyli yüksəkdir:

"Belə ki, ümumi ticarət dövriyyəsinin 96 faizindən çoxu Vyetnamdan idxalın payına düşür. Bu baxımdan Azərbaycanın əsas hədəflərindən biri Vyetnam da daxil olmaqla, Asiyanın həmin regionuna məhsul ixracını artırmaqdır. Həmin bölgədə ərzaq və bir sıra kənd təsərrüfatı məhsullarına tələbatın yüksək olması Azərbaycan şirkətləri üçün Vyetnam bazarına çıxmaq baxımından yeni imkanlar yaradır".

Müsahibimiz qeyd etdi ki, Vyetnam şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əldə olunan razılaşmalar ölkələrimizin enerji sahəsində əməkdaşlığı gücləndirmək niyyətini göstərir:

"Artıq Vyetnamın yeddi şirkəti Azərbaycanda, o cümlədən bərpa olunan enerji sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir. Bu kontekstdə ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayə qoyuluşları Azərbaycan-Vyetnam iqtisadi əlaqələrinin prioritet istiqamətlərindəndir. Prezidentin Vyetnama səfəri də bu hədəflərin reallaşmasına töhfə verəcək".

Deputat vurğuladı ki, Azərbaycan regionda əməkdaşlığa və sülhə töhfə verən orta güc dövlətidir:

"Eyni zamanda, ölkələr beynəlxalq yükdaşımalar və logistika sahəsində də əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Bu, daha çox məhsulun Azərbaycan üzərindən Vyetnama, eləcə də Vyetnam vasitəsilə digər regionlara daşınmasına imkan yarada bilər. Beləliklə, enerji, bərpa olunan enerji, qeyri-neft sektoru və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr davam etdirilir. Prezidentin səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək. Vyetnamda Azərbaycanın səfirliyinin açılması da birmənalı şəkildə iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən