Kiçik sahibkarlara vergi güzəştinin tətbiqi şərtləri AÇIQLANDI
Azərbaycanda kiçik sahibkarlıq subyektləri müəyyən hallarda bəzi obyektiv amillərdən orta sahibkarlıq kateqoriyasına keçid edə bilməsələr də, uzunmüddətli sabit fəaliyyətlərini sürdürməyə davam edirlər.
Redaktor.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Bu kontekstdə Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində sözügedən sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə yeni güzəşt mexanizmi təqdim edilir. Belə ki, kiçik sahibkarlıq subyekti kateqoriyasında minimum iki il ərzində fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi əvvəlki illə müqayisədə 30 %-dən artıq azalmayan sahibkarlıq subyektlərinə gəlir (mənfəət) vergisinin 25 %-i miqdarında güzəşt təmin ediləcək. Bu güzəşt 5 illik müddətə tətbiq olunacaq. Bunun üçün vergi ili boyunca əmək münasibətlərinin pozulmaması əsas şərt olaraq müəyyən edilib.
Bildirilir ki, bu yanaşma kiçik sahibkarların fəaliyyətinin sabitləşdirilməsinə, dövriyyənin süni yolla azaldılmasının qarşısının alınmasına və rəsmi məşğulluğun mühafizəsinə münbit şərait formalaşdıracaq. Eyni zamanda, vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və sabit fəaliyyət nümayiş etdirən sahibkarlıq subyektlərinin dəstəklənməsi vergi öhdəliklərinin könüllü icrasına da müsbət təsir göstərəcək.
Dəyişiklik layihəsinin məzmununu şərh edən DVX konkret nümunə də gətirib: "Belə ki, 2026-2027-ci illərdə kiçik sahibkarlıq subyekti qismində fəaliyyət göstərən müəssisənin 2026-cı ildə dövriyyəsi 500 min manat, 2027-ci ildə isə 700 min manat təşkil edib. 2027-ci ildə müəssisənin xərcləri 300 min manat olduqda, hesablanan mənfəət vergisi 80 min manat məbləğində müəyyənləşir. Müəssisənin dövlət büdcəsi qarşısında vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə, yeni güzəşt mexanizminə uyğun olaraq, hesablanmış verginin 25 %-i, yəni 20 min manat çıxılacaq. Beləliklə, müəssisə 80 min manat əvəzinə 60 min manat mənfəət vergisi ödəyəcək".













