OPEK dağılır ABŞ neft bazarında hegemonluğu ələ alır

 16:25 08.04.2019     486

“ABŞ neft ixracatçıları olan Rusiya, İran və Venesuelaya qarşı sanksiyaların miqyasını genişləndirmək siyasətindən əl çəkməyi düşünmür”.  

Redaktor.az bildirir ki, bu sözləri dünya bazarında neft qiymətlərinin artmasına münasibət bildirən sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O bildirib ki, keçən ilin noyabr ayının 5-dən İran neftinin satışına 6 ay müddətinə tətbiq edilən sanksiyaların müddəti başa çatdıqdan sonra qadağaların vaxtı yenidən uzadılması gözlənilir:

"Sanksiyalar tətbiq edilməyə başladıqdan sonra 8 ölkə may ayının əvvəlindən neft ixracına razılıqdan məhrum ediləcək. Hadisələri öncədən proqnozlaşdıran ölkələrin İrandan neft idxal edən kompaniyaları indidən buna hazırlıq görməyə başlayıb. Yəni, onlar bazarda özlərinə yeni satıcılar axtarmaqdadırlar. Birləşmiş Ştatların Venesueladakı vəziyyəti gərginləşdirməsi bu ölkənin də neft ixracı imkanlarının aşağı düşməsinə səbəb olur. Bu arada, Rusiyaya neft hasilatı ilə bağlı yeni sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Belə bir durumda Liviyada vəziyyətin gərginləşməsi neft bazarında qiymətlərin artmasına əlavə bir stimul yaradır".

F.Yusifov ABŞ-ın yaranmış vəziyyətdə hansı addımları atmağı planlaşdırmasına da münasibət bildirib:

"İlk olaraq, ABŞ-da bu gün neft hasilatını və onun ixracını sürətlə artırmaq istiqamətində davamlı addımlar atılır, şist neft hasilatı genişləndirilir. OPEK və onunla əməkdaşlıq edən ölkələrə qarşı isə neftin qiymətlərinin tənzimlənməsinə qarşı yeni sanksiyaların tətbiqi istiqamətində konkret addımlar atılır. Bu günlərdə Birləşmiş Ştatlar Konqresində NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanun layihəsinin qəbul edilməsi gözlənilir. Bu qanun Amerika məhkəmələrinə OPEK ölkələrinə qarşı inhisarçılıqla bağlı işlərə baxmaq səlahiyyəti verəcək. Bu o deməkdir ki, OPEK-ə üzv olan və OPEK-lə əməkdaşlıq edən neft hasilatçısı ölkələr özlərinə problem yaşatmamaq üçün bir-birinin ardınca OPEK-i tərk etməyə başlayacaq".

Sabiq nazirin sözlərinə görə, OPEK-in dağılmasıyla bərabər neft bazarına hegemonluq ABŞ-ın əlinə keçəcək:

"Nəticə etibarilə neft hasilatının həcminin bir mərkəzdən idarə olunması ortadan qalxacaq. Bu isə hasilatın artmasına, neftin qiymətlərinin isə azalmasına imkan verəcək".

Qeyd edək ki, neftin qiymətləri artıq kritik həddi – 1 barel üçün 70 dolları keçib.

Firuzə Vahid / REDAKTOR.AZ