Problemli krediti olanlar, DİQQƏT Aprelin 15-dək...

 12:34 09.04.2019     497

Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşların bəziləri Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişləriylə bağlı məlumat əldə etmək istərkən çaşqınlıq yaşayırlar.

Belə ki, onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır. 

Maraqlıdır, bunun səbəbi nədir və dəqiqləşdirmə nə zaman başa çatacaq?

Redaktor.az bildirir ki, məsələyə iqtisadçı-ekspert Vüqar Bayramov münasibət bildirib. Onun sözlərinə görə, bu, heç də həmin vətəndaşa kompensasiya düşməməsi anlamına gəlmir:

“Məlumatı alan vətəndaşlara kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar. Dəqiqləşdirmənin gecikməsi bəzi banklarda olan məlumatlar ilə Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var.

Devalvasiyalardan sonra (2016-cı il fevralın 3-də) yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən bütün siyahılar sənədə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu, o deməkdir ki, belə mesaj alan vətəndaşlar ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək. Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşların kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ