ÇİN ABŞ-I BİTİRİR... - Yeni balans formalaşır

 11:15 12.04.2019     798

Çin ABŞ və Avropa Birliyi (AB) arasında yaşanan problemlərdən istifadə edib, AB ilə öz münasibətlərini yaxşılaşdırmaq siyasəti həyata keçirir.

Maraqlıdır, Pekinlə Brüssel arasında əlaqələrin güclənməsi ABŞ-ın Avropadakı həm siyasi, həm də iqtisadi fəaliyyətində hansı risklər yaradacaq?

Məsələ ilə bağlı Redaktor.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov hesab edir ki, Çin və AB arasında münasibətlərin yaxınlaşması realdır:

“Bu gün dünyada böyük güclərin savaşı gedir və onlar öz aralarındakı münasibətləri müxtəlif formalarda aydınlaşdırmağa çalışır. Xüsusilə, Donald Trampın hakimiyyətə gəlişindən sonra Çin və ABŞ arasında münasibətlər bir neçə sahədə gərginləşdi. İki ölkə arasında aparılan ticarət əməliyyatları müstəvisində bu gərginlik daha çox hiss olunmaqdadır. ABŞ Çinə daha az məhsul ixrac etməsini əsas gətirərək, Çindən idxal olunan məhsullara birdən-birə 25% gömrük rüsumu tətbiq etdi. Bunu həm ticarət, həm də rüsum müharibəsi adlandırırlar. İki dünya nəhənginin arasında yaşanan bu gərginlik bütövlükdə dünya iqtisadiyyatının 0,7 %-dən 1 %-ə qədər azalması təhdidini yaratdı. Çünki bu iki ölkə birlikdə dünya iqtisadiyyatının 40%-ə qədərini təşkil edir. Hətta Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi dünyanın aparıcı maliyyə institutları bu gərginlikdən narahat olduqları ilə bağlı açıqlama verdilər”.

F.Yusifov vurğulayıb ki, son dövrlər Çin ABŞ və AB arasında yaşanan problemlərdən istifadə edib, AB ilə öz münasibətlərini yaxşılaşdırmaq siyasəti həyata keçirir:

“Güclərin tarazlığını, balansını yaratmaq nöqteyi-nəzərindən Çin-AB yaxınlaşması müsbət tendensiyadır. Artıq iki böyük güc arasında yeni ticarət müqaviləsi imzalamaqla bağlı razılıq da əldə edilib”.

Sabiq nazir hesab edir ki, ilk baxışdan AB-Çin yaxınlaşmasından Rusiyanın narahat olacağı təəsüratı yaranır:

“Düşünürəm ki, bu məsələyə Rusiyanın əngəl törətmə imkanları demək olar ki, yoxdur.Əslində, Rusiya AB və Çin arasında münasibətlərin inkişafından birbaşa da olmasa, dolayı yolla bəhrələnə bilər”.

Sabiq nazir Çin-AB yaxınlaşmasından Azərbaycanın da faydalanacağını bildirib:

“Azərbaycan Qafqaz regionunda Çin üçün cəlbedici ölkədir. Bizim iqtisadiyyatla Çinin iqtisadiyyatı bir tərəziyə qoyulmasa da, ərazi, Qərb və Şərq arasında körpü rolunu oynamaq nöqteyi-nəzərindən Azərbaycan Çin üçün qiymətli ölkədir. Çin müəyyən yüklərin Azərbaycan üzərindən daşınmasına böyük önəm verir. Hesab edirəm ki, AB ilə Çinin münasibətlərində yaranan yaxınlaşma, ticarət əlaqələrinin genişlənməsi  iqtisadiyyatımıza və tranzit yüklərinin daşınmasına çox müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Çin ABŞ-ın ona qarşı ticarət savaşını başlatmasından sonra Avropa Birliyi (AB) ilə münasibətlərini yaxınlaşdırmaq siyasəti yürüdür. Xüsusilə, tərəflər arasında son keçirilən görüş məhsuldar olub. Tərəflər bu il ərzində Ətraflı İnvestisiya Müqaviləsinə dair müzakirələrdə yekun qərarlar qəbul etmək və 2020-ci ilə qədər müqavilə imzalamaq barədə razılığa gəliblər.

Firuzə Vahid/ REDAKTOR.AZ