Ölkədə MANAT QITLIĞI - Nə baş verir?

 20:30 12.04.2019     759

Ölkədə pul bazası ötən ilin dekabr ayında 10 milyard 643 milyon manat olduğu halda, mart ayında 9 milyard 776 milyon manata qədər azalıb.

Pul kütləsinin azalmasının ölkə iqtisadiyyatına təsiri ilə bağlı  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, pul kütləsinin azalmasına səbəb, ölkədə həyata keçirilən pul-kredit siyasəti ilə bağlıdır:

“2014-cü ildən başlayaraq dünya enerji daşıyıcıları bazarında mövcud olan vəziyyət, Azərbaycanda baş vermiş devalvasiyalar nəticəsində Mərkəzi Bank tərəfindən pul-kredit siyasəti kəskin şəkildə sərtləşdirildi, faiz dərəcələri yüksəldildi. Nəticədə iqtisadiyyatda ciddi şəkildə pul və investisiya çatışmazlığı yarandı. Hazırki durumda bu proses ölkə iqtisadiyyatı üçün ən mürəkkəb məsələdir və bu problemin aradan qaldırılması təcili şəkildə həyata keçirilməlidir. Mövcud vəziyyət həyəcanverici siqnaldır. Ölkədə pul kütləsi və investisiyaların artırılmasına, ÜDM-ın heç olmasa 30%-ə çatıdırılmasına ehtiyac var”.

Pul kütləsinin azalmasının xarici valyutada olan depozit və əmənatlərə təsirini şərh edən iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə Redaktor.az-a açıqlamasında vurğulayıb ki, pul bazası bu depozitlərə birbaşa təsir etmir:

“2015-ci ildən başlayaraq Mərkəzi Bank pul bazasını azaltmağa çalışır. Bu azalmanın əsas səbəblərindən biri məzənnəyə təsir göstərməkdən ibarətdir. Pul bazası ötən ilin dekabr ayında 10 milyard 643 milyon manat olduğu halda, mart ayında 9 milyard 776 milyon manata qədər azalıb. Halbuki, 2014-cü ildə pul  bazası 11 milyard 262 milyon manat civarında idi. Bu isə dövriyyədə olan pul kütləsinin çoxluğundan xəbər verirdi. 2016-cı ildən başlayaraq, pul bazasının kəskin azalması müşahidə olunur. Mərkəzi Bank pul bazasının artmasında maraqlı deyil. Çünki bu artım dollara tələbatı artırır. Mərkəzi Bank pul bazasını tənzimlənən həddə saxlamaqla manatın dollara nisbətən mövcud kursunu qorumağa çalışır.

“Pul bazası xarici valyutada olan depozitlərin həcminə birbaşa təsir göstərmir. Nəzərə almaq lazımdır ki, hələlik kəskin azalma müşahidə olunmur. Hər halda, xarici valyutada olan depozitlər ümumi depozitdə daha çox paya malikdir və manatla müqayisədə daha çox üstünlük təşkil edir”.

Qeyd edək ki, Azərbaycanda pul kütləsinin həcmi ötən il 5.5% azalma ilə müşahidə olunub. 2019-cu ilin mart ayının sonu Azərbaycanda pul kütləsi 8 milyard 946 milyon 300 min manat təşkil edib. Bu isə o deməkdir ki, fevral ayı ilə müqayisədə pul kütləsi 67 milyon 800 min manat və ya 0,7%, ilin əvvəlindən bu rəqəm 599 milyon 400 min manat və ya 6,3% azalıb.

Gülşən Şərif / REDAKTOR.AZ