"Bəzi bankları bağlamaq lazımdır" - Sabiq maliyyə nazirindən AÇIQLAMA

 15:56 16.04.2019     505

“Bəzi bankları sadəcə bağlamaq lazımdır”.

Bu sözləri Redaktor.az-a problemli kreditlərlə bağlı açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, problemli kreditlərlə bağlı verilən kompensasiya və kreditlərin restrukturizasiyası bank sektorunun inkişafına müsbət  təsir edəcək:

“Problemli kreditlərlə bağlı verilən kompensasiya vətəndaşın məzənnə fərqi nəticəsində yaranan itkilərini aradan qaldıracaq. Bank sektoru isə sağlamlaşıb,  normal fəaliyyət üçün sağlam bir vəziyyətə gətiriləcək. İllərdir ki, dövlət bu və ya digər yollarla bank sektorunun sağlamlaşdırılması üçün zəruri olan bütün addımları atır. Son addım isə bank sektoruna bənzəri olmayan ciddi bir dəstəkdir”.

Fikrət Yusifov onu da qeyd edib ki, bu dəstək sayəsində sağlamlaşa bilməyən bankları bağlamaq lazım olacaq:

“Bank sektoru dövlətin bu səviyyədəki dəstəyindən sonra öz fəaliyyətində sivil bank xidmətləri və kredit siyasəti sərgiləməyəcəksə, o halda bu sektorun fəaliyyəti dövlət tərəfindən olduqca ciddi nəzarətə götürülməlidir. Həmçinin, onların fəaliyyətində kəskin məhdudlaşdırıcı alətlərin tətbiqinə gedilməlidir. Bu şərtlər çərçivəsində fəaliyyət göstərə bilməyən bankları isə sadəcə bağlamaq lazımdır”.

Qeyd edək ki, bu ilin fevralın 28-də prezident İlham Əliyev problemli kreditlərinin həllinə dair fərman imzalayıb. Problemli kreditlər üzrə ödənişlərin verilməsi 15 apreldən başlayaraq, may ayının sonuna kimi yekunlaşacaq.

Gülşən Şərif/ REDAKTOR.AZ