"Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb" - İqtisadçıdan RƏY

 18:30 19.04.2019     523

“Reytinq təşkilatları Azərbaycanda bank sektorunun son 1 ildəki fəaliyyətinə diqqət etməlidir”.

Bunu iqtisadçı-ekspert Cəfər İbrahimli Redaktor.az-a açıqlamasında vurğulayıb. O, bildirib ki, “Fitch Ratings” agentliyi ölkə iqtisadiyyatının dollarlaşma səviyyəsi ilə bağlı araşdırmalarını yenidən aparmalıdır:

“Agentliyin hesabatının reallığı əks etdirdiyini düşünmürəm. Çünki 2017-ci illə müqayisədə ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. Bankların ağır vəziyyəti artıq geridə qalıb. Eyni zamanda, problemli kreditlərin restrukturizasiyası çərçivəsində banklara kifayət qədər vəsait daxil olacaq. Reytinq təşkilatları düzgün hesabat vermək üçün Azərbaycan bank sektoru ilə bağlı vəziyyəti yenidən nəzərdən keçirməlidir”.

Qeyd edək ki, “Fitch Ratings” agentliyi ölkənin bank sektorunun vəziyyəti ilə bağlı hesabat açıqlayıb. Hesabata görə, Azərbaycanın bank sektoru sabitləşsə də, depozitlərdə və kreditlərdə dollarlaşma səviyyəsi hələ də nisbətən yüksək olaraq qalır. Belə ki, 2018-ci ilin sonunda xarici valyutada olan kreditlər ümumi kreditlərin 38%-ni təşkil edib.

Gülşən Şərif / Redaktor.az