Pulu hansı valyutada saxlayaq? - DOLLAR, MANAT, AVRO

 12:41 20.04.2019     755

Əhalinin əksər hissəsi yığdığı vəsaiti evində saxlamağı daha təhlükəsiz hesab edir. 

Çünki devalvasiya qorxusu vətəndaşları bankda əmanət saxlamaqdan çəkindirir. Maraqlıdır ki, əmanəti banka hansı valyuta ilə qoymaq pulu sığortalayır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli Redaktor.az-a açıqlamasında bildirib ki, vətəndaşların əmanəti xarici valyuta ilə yerləşdirməsinə maraq azalıb:

“İndiki şəraitdə ölkəmizdə xarici valyutaların əmanəti üzrə faiz dərəcəsi çox aşağıdır. Əmanətlərin illik faiz dərəcəsi  xarici valyuta üzrə 3% və milli valyuta üzrə 15% olmaqla sığortalanır. Adətən, banklar əmanətləri 1-1.5% olmaqla sığortalayır. Hazırda isə banklar manatla qoyulan əmanətləri sığortlamaq üçün 10-11% tətbiq edir. Çünki mövcud şəraitdə vətəndaşların milli valyutaya meyli artıb. Əmanətin manatla olması fonunda banklar rahatlıqla kredit verə bilir. Çünki hazırda bankların dollar və ya avro ilə kredit vermək imkanları məhduddur. Bu baxımdan, əmanətin manatla qoyulması daha doğrudur”.

İqtisadçı-ekspert onu da  qeyd edib ki, əmanət qoymadan öncə bəzi amillərə diqqət etmək lazımdır:

“Əmanətlərin qoyulması üzrə vətəndaşların bir neçə seçim haqları var. Ölkəmizdə əmanətlərin böyük əksəriyyətinin müddəti 1 ildir. Əmanət qoyulmadan öncə daha çox müddət və gəlir məsələsinə diqqət etmək lazımdır”.

İqtisadçı-ekspert Vüsalə Əhmədova isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, əmanətlərdə milli valyutaya üstünlük vermək daha doğrudur:

“Son devalvasiyadan sonra vətəndaşlarımızın çoxu əmanətlərini banklardan geri çəkdilər. Nəticədə, əhalinin milli valyutada əmanətlərinin həcmi 49,2% azaldı. Hazırda bankların təklif etdikləri depozit faizləri çox aşağıdır. Bu gün banklar tərəfindən manat əmanətləri 6-12,75% diapazonunda qəbul olunur. Dollar əmanətləri isə 0,01-3% diapozonunda cəlb olunur. Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi isə 1,25% təşkil edir. Aylıq inflyasiya dərəcəsinə əsasən, əmanətlərin dollar və avro ilə qoyulması sərfəli deyil. Vətəndaşlarımız 30 min manatdan yuxarı olmamaq şərtilə, vəsaitlərini milli valyuta ilə banklarda yerləşdirə bilərlər”.

Gülşən Şərif/ Redaktor.az