ABŞ İran siyasətini SƏRTLƏŞDİRİR - Neft qiymətlərinə təsir gözlənilirmi?

 11:56 23.04.2019     531

Avropa Birliyi (AB) ABŞ-ın İranla bağlı qərarlarına etiraz etmək gücündə deyil.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Redaktor.az-a açıqlamasında ABŞ-ın İran neftinin idxalı ilə bağlı bir neçə ölkəyə tətbiq etdiyi güzəşti ləğv etməklə bağlı qərarına münasibət bildirib. İ.Şaban hesab edib ki, dünya bazarında İran neftini əvəz edəcək alternativ variantlar var:

“2012-ci ildən İrana qarşı ABŞ tərəfindən sanksiya siyasəti aparılır. 2015-ci ilin avqust ayının 15-nə qədər İran dünya bazarına çıxaracağı milyon barel neftdən məhrum edilmişdi. Sonrakı dövrdə yumşalma oldu və ABŞ sanskiyaları ləğv etdi. Ancaq Donald Tramp hakimiyyətə gələndən sonra yenidən sanksiyalar ABŞ tərəfindən birtərəfli olaraq tətbiq edilməyə başladı. Bu zaman Avropa Birliyi bu sanksiyalarda iştirak etmədi. Sanksiyalar tətbiq edilməzdən öncə İran manipulyasiya  edirdi ki, neft ixracına qarşı qadağalar tətbiq edilsə, dünya bazarında neft qiymətləri kəskin bahalaşacaq. Nəticədə də ilk olaraq, sanksiyaları tətbiq edən, dünya bazarında ən böyük neft istehlakçısı olan Qərb ölkələri uduzacaq. Ancaq cari 10 illiyə baxdıqda bu mənzərənin şahidi olmuruq. Yəni, sırf İran nefti ilə bağlı dünyada neft qiymətlərinin kəskin bahalaşması yaxud da ucuzlaşması faktı baş verməyib. Nə neftin qiyməti 148 dollar olanda, nə cari 10 illikdə qiyməti pik həddə (127 dollar) çatanda, nə də 27 dollara qədər ucuzlaşanda bunun İran faktoru ilə heç bir əlaqəsi yox idi. Yalnız 2018-ci ildə ABŞ-ın İrana qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı xəbərlər neftin qiymətinin müəyyən dövr ərzində təqribən 10 dollar həcmində artımına səbəb olub. Ancaq bu sanksiyalar qüvvəyə mindikdən sonra neft qiymətləri artmaq əvəzinə azalıb”.

İqtisadçı vurğulayıb ki, hazırda İran faktoru dünya bazarında ancaq qısamüddətli qığılcım rolunu oynayır:

“Bundan sonra bazardakı real faktorlardan qaynaqlanaraq, neft öz qiymətini müəyyənləşdirəcək. Neft qiymətlərinin müəyyənləşməsinin İran faktoru ilə birbaşa əlaqəsi yoxdur”.

İ.Şaban vurğulayıb ki, Avropa Birliyi ABŞ-ın İranla bağlı siyasətinə qarşı olsa da, Vaşinqtonun tətbiq etdiyi sanksiyaları sadəcə müşahidə etməklə kifayətlənir:

“Köhnə qitə ölkələri ABŞ-ın siyasətinə etiraz etsələr belə, bu, hər zaman nəticəsiz qalıb. ABŞ-ın İrana qarşı sanksiyalarından sonra Fransanın “Total” şirkəti İranın “Cənubi Pars 11” layihəsini tərk etdi. Fransanın sözügedən şirkəti 2014-cü ildə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından sonra Barens dənizindəki Rusiyanın ən böyük qaz layihəsindən imtina etdi. Bu, 3 “Şahdəniz” boyda qaz layihəsi idi. Yəni ABŞ dünya siyasətində və iqtisadiyyatında böyük gücə malik olan ölkədir. Heç bir dövlət, şirkət ABŞ-la özünün perspektivlərində problem yaranmasını istəmir”.

Xatırladaq ki, ABŞ-ın İran neftinin idxalı ilə bağlı bir neçə ölkəyə tətbiq etdiyi güzəşti 2 maydan etibarən ləğv edəcəyi gözlənilir.

Firuzə Vahid / REDAKTOR.AZ