Xurmanın qiymətində BAHALAŞMA davam edir - Yenidən ucuzlaşa bilərmi? / AÇIQLAMA

 18:09 15.05.2019  99

Ramazan ayı başlayandan xurmanın qiymətində artım müşahidə olunur.

Belə ki, Ramazan ayının ilk günündən etibarən 500 qramlıq qutuda qablaşdırılan xurmanın qiyməti 2 manat 50 qəpikdən 2.80 - 3 manata yüksəlib. İrandan idxal edilən və kiloqramla satılan xurmaların qiymətində isə təqribən 3 manata qədər artım müşahidə edilib. Belə ki, Ramazan ayından əvvəl kiloqramı 5 manata təklif olunan xurmanın kiloqramı 7-8 manata kimi qalxıb. 

Qiymət artımı ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında Ramazan ayından sonra xurmanın qiymətlərinin aşağı düşməyəcəyini bildirib:

“Orucluq başlayandan bizə 2 şikayət daxil olub və onlar xurmanın qiymətinin qalxmasından narazılıq ediblər. Xurmanın qiymətinin qalxmasını süni artım saymaq olmaz. Belə ki, bazarlarda qiymət  tələb və təklif əsasında formalaşır. Orucluqda xurmaya olan tələbatın artması qiymətlərə təsir edir. Orucluq bitdikdən sonra da xurmanın qiyməti ucuzlaşmayacaq”.  

AİB sədri onu da qeyd edib ki, qiymət artımı keyfiyyətin aşağı düşməsinə yol açır. Bu, bazarın qanunudur. Xurmaların üzərində qeydlər fars əlifbası ilə yazılır. Təəssüf ki, məhz bu səbəbdən alıcı onun vaxtının keçdiyini bilmir və onu alır. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, bazarda qiymət tələb və təklifə əsasən formalaşır:

“Xurmanın qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında qanunvericiliyin tələblərinə əməl etməklə, təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmət təklif olunur. Qanunvericiliyə əsasən, istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına, zövqünə uyğun seçə bilər.

Süni qiymət artımına qarşı monitorinqlər aparılır

Süni qiymət artımının, yəni ayrı-ayrı əmtəə bazarlarında inhisarçı mövqeyə malik bir və ya bir qrup təsərrüfat subyekti tərəfindən bazarda mal qıtlığı yaradılması, malların qiymətinin əsassız artırılması, rəqiblərin bazara girişinə maneə yaradılması və s. formada qanunla qadağan olunmuş inhisarçılıq hərəkətlərinə yol verilməsi nəticəsində baş verə biləcək qiymət artımlarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə monitorinqlər aparılır. Monitorinqlər zamanı qiymətlərdə dəyişiklik qeydə alındıqda, bunun səbəbləri araşdırılır və nəticələrindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür”.

Gülşən Şərif / Redaktor.az