"Yaxın 2-3 il ərzində ölkə iqtisadiyyatı daha da böyüyəcək" - İqtisadçı AÇIQLADI

 12:57 18.05.2019     430

Bu il ölkə iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlar yüksək olaraq qiymətləndirilir.

Belə ki, bu il əhalinin gəlirlərində 5,5% artım olunub. Son 1 ildə isə ölkədə adambaşına düşən gəlir 4,6% artaraq 1729,0 manata çatıb.

"Əhali gəlirlərində artıma səbəb ölkə iqtisadiyyatının son 2 il ərzində böyüməsidir".

Bunu redaktor.az-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsi Azərbaycanda növbəti illər üçün proqnozlaşdırılan iqtisadi artım tempinə uyğun olaraq tərtib olunub:

"İqtisadiyyatın inkişafı istiqamətində görülən işlər əhalinin gəlirinə də təsir edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda əmək haqqının artırılması əhalinin gəlirlərinin artımına səbəb olub”.

İqtisadçı onu da qeyd edib ki, önümüzdəki dönəmlərdə əhalinin gəlirlərinin artıb-artmaması iqtisadi inkişafa bağlı olacaq:

“Əhalinin gəlirlərinin artması üçün Ümumi Daxili Məhsulda (ÜDM) mütəmadi artım baş verməlidir. Beynəlxalq təşkilatların proqnozuna əsasən, yaxın 2-3 il ərzində ölkə iqtisadiyyatı daha da böyüyəcək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalinin nominal gəlirləri 17 072,0 mln. manat təşkil edib.

Gülşən Şərif / Redaktor.az