Bu bankların BAĞLANMA EHTİMALI VAR - Mütəxəssis rəyi

 08:30 20.05.2019     1115

“Fiziki şəxs olan əmanətçilərin milli valyutada olan əmanətinin faiz dərəcəsi 15%, xarici valyutada isə 3%-dən yuxarı deyilsə, hər hansısa risk yoxdur”.

Bunu bank üzrə ekspert Əkrəm Həsənov Redaktor.az-a açıqlamasında bildirib.

Riskli bankların aqibətini şərh edən ekpsert bildirib ki, problemli kreditləri daha çox və kapitalı aşağı olan banklar riskli bank hesab olunur:

“Bankın problemli kreditləri çoxdursa, deməli müştərilərə və şirkətlərə verilən vəsait çox riskli kredit siyasəti altında həyata keçirilib. Problemli kreditin çox olması bankın məcmu kapitalını aşağı salır. Məcmu kapital bankın öz vəsaiti hesab olunur. Banklar adətən iki cür vəsaitlə fəaliyyət göstərir. Bankların öz vəsaiti hesabına olan fəaliyyətə səhmdarların sahiblərinin banka qoyduğu pul daxildir. Cəlb edilən vəsaitə isə əmanətlər, müştərinin bank hesabında olan pullar daxildir. Qanunvericiliyə görə, bankın öz pulu minimum 50 milyon manat civarında olmalıdır. Bankın öz pulu nə qədər çoxdursa, riski bir o qədər azdır.

Krediti olan müştərilər üçün bankın riskli olmasının ciddi əhəmiyyəti yoxdur

Risk ehtimalını ölçmək üçün banklar maliyyə hesabatlarını rüblər üzrə dərc edirlər. Lakin həmin hesabatlara olan inam sual altında olan məsələdir. Bütün hallarda əmanəti müəyyən olunmuş faizdən keçməyən fiziki şəxs olan əmanətçilərin vəsaitləri 2020-ci il martın 4-nə kimi tam sığortalanıb. Əsasən hüquqi şəxslər riskli şəxs hesab olunur. Çünki bank bağlananda həmin şirkətlərin vəsaitləri batır. Hüquqi şəxslərə tövsiyyə edirik ki, hesablarını daha az riskli olan banklarda açsınlar”.

Ekspert bildirib ki, bəzi bankların bağlanma ehtimalı hər zaman var:

“Prezident İlham Əliyevin 2016-ci ilin sonunda təsdiq etdiyi “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, ötən ilin sonuna qədər bu proses bitməli idi. Bankların birləşmə ehtimalı isə çox aşağıdır”.

Qeyd edək ki, mətbuatda 2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısı açıqlanıb.

Gülşən Şərif / Redaktor.az