“Sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğundur” - İqtisadçıdan TƏKLİF

 11:28 20.05.2019     758

“Elektrik və ya su xəttinin istiqamətini dəyişmək mümkündürsə, o zaman sənədsiz evə toxunulmasın”.

Redaktor.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov qeydiyyatsız evlərin sənədləşdirilməsini şərh edərkən bildirib.

O, bildirib ki, ölkə başçısı İlham Əliyevin tapşırığından sonra sənədsiz evlərin özəlləşdirilməsi ilə bağlı formalaşdırılmış komissiyanın fəaliyyətinin güclənməsi hiss olunur:

“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi. Təklif etdiyimiz mexanizm ilə bağlı son həftələr fərqli işə məsul dövlət qurumlarında görüş və müzakirələrimiz olub. Əvvəla, bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur. Bu baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı.

Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir.

İlkin monitorinqlər göstərir ki, onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Elektrik və ya  su xəttinin istiqamətini dəyişmək mümkündürsə, o zaman sənədsiz evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Lakin  su və qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə, evlərin köçürülməsi təmin edilsin. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır”.

İqtisadçı vurğulayıb ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır:

“Bizim mexanizm ondan ibarətdir ki, məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.

Qeyd edək ki, bu il ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən,  sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün Komissiya yaradılıb.

Gülşən Şərif / Redaktor.az