Alçanın qiyməti niyə UCUZLAŞMIR? - SƏBƏBİ...
Bu il mövsümi meyvələrin qiymətlərində bahalaşma müşahidə olunur.
Alça, çiyələk, qarpız, yemiş kimi meyvə və bostan bitkiləri bu günlərdə məhdud həcmdə bazara çıxarılır. Bu səbəblə, məhsulların qiyməti yüksək olaraq qalır. Məsələn, ötən ay alçanın kiloqramı 50 manata satılırdısa, bu ay isə nisbətən ucuzlaşma müşahidə olunur. Lakin qiymətin aşağı düşəcəyi hələlik gözlənilmir.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Redaktor.az-a açıqlamasında bildirib ki, ölkəmizdə alça yetişdirilməsinin zəif olması qiymətinin baha olmasına səbəb olur:
“Alçanın qiymətinin ucuzlaşmasının səbəbi təklifin az olması ilə bağlıdır. Son zamanlar çoxlu sayda fermer artıq alça yetişdirilməsi ilə məşğul olmağı planlaşdırır. Qarşıdakı 2-3 il ərzində bu sahəyə daha çox diqqət ediləcək. Bu isə bazarlarda alçanın qiymətinin normallaşmasına səbəb olacaq. Azərbaycanda uzun müddət alça yetişdirilməsinə önəm verilməyib. Ona görə də əksər fürsətcil sahibkarlar vəziyyətdən sui-istifadə etməyə başlayıblar. İndiki halda alçanın qiymətinin ciddi şəkildə aşağı endirilməsi mümkün deyil.
Önümüzdəki aylarda meyvələrin ucuz olub-olmayacağı barədə konkret fikir demək olmur
Hazırda yanlız Azərbaycanın istehsal etdiyi məhsullar bazara çıxarılmır. Qonşu ölkələrdən gətirilən faraş məhsullar da var. Bazardakı qiymətlərə təsir edən amillərdən biri təklif və tələblə bağlıdır. Tələb yetərincə yüksək deyilsə, qiymət artımı başa verə bilməz. Bu baxımdan qiymətlərin bahalaşacağı və ya ucuzlaşacağı tələbdən və alıcılıq qabiliyyətindən asılı olacaq.
Hava şəraitinin qeyri-sabit keçməsi meyvə istehsalı daha çox olan rayonlara təsirsiz ötüşmür
İstehsalda yağışın intensivliyi və küləyin sürəti əsas faktordur. Güclü külək ağacların budaqlarının və ağacın özünün sınmasına səbəb ola bilər. Uzunmüddətli yağışlar isə bitkilərdə göbələk xəstəliyinin yayılmasına yol aça bilər. Xüsusən də Quba, Xaçmaz və meyvə istehsalı üçün əlverişli olan bir sıra rayonlarda sərt hava şəraiti məhsuldarlığa mənfi təsir göstərir. Məhsul çiçəkləyir, tozlanma getdiyi vaxtda dolu düşəndə onları məhv edir. Bu isə qiymətlərin bahalaşmasına, fermerlərin ziyana məruz qalmasına səbəb olur. Çiçəklənmə və mayalanma dövrü başa çatdıqdan sonra isə yağan yağışın ziyanı olmur”.
Ekspert onu da qeyd edib ki, bu ilki güclü külək və intensiv yağışlar növbəti ildə də müşahidə olunarsa, məhsuldarlıq daha da aşağı ola bilər. Bu baxımdan fermerlər ağacların formalaşmasında müəyyən tədbirlər həyata keçirməlidir.
Qeyd edək ki, bu il qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə daha bahadır.
Gülşən Şərif / Redaktor.az