Tikinti materiallarının qiyməti UCUZLAŞIB - Ekspert qiymətlərdən danışdı
Yay fəsli həm də tikinti mövsümü olduğuna görə, hazırda inşaat sektorunda canlanma müşahidə olunur.
Əmlak məsələləri üzrə ekpsert Rövşən Talıbzadə Redaktor.az-a açıqlamasında tikinti materiallarının hazırki qiymətlərini açıqlayıb.
O bildirib ki, bu ilin mart ayından etibarən fərdi yaşayış evlərində tikintiyə tələbatın artmağa başlayır:
“Bu il tikinti materiallarının qiymət dinamikasında dəyişiklik müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il tikintinin əsasını təşkil edən sement qiymətində ucuzlaşma baş verib. Eyni zamanda, sementin qiyməti markasına uyğun olaraq dəyişir. Hazırda sement bazarında rəqabət mövcuddur. M-300 markalı sementin 1 kisəsi 5 manat 60 qəpik , M-400 markalı sement isə 6 manat 90 qəpiyə təklif olunur. Armaturun qiyməti isə diametrinə uyğun dəyişsə də, ucuzlaşma müşahidə olunub. Əsl zavod istehsalı olan armaturun 1 tonu 850 manatadır. Armaturun müəyyən komponentləri xarici ölkələrdən idxal olunur. İdxal olunan ölkənin məzənnəsindən asılı olaraq, bəzi malların və armaturun qiymətində dəyişiklik baş verir. Hazırda 8-lik 1 metr armatur 39 qəpik, 12-lik 70 qəpik, 16-lıq isə 1 manat 35 qəpiyə təklif olunur.
Bu ilin yanvar ayınadək taxtanın qiyməti ucuzlaşıb. Belə ki, yanvar ayında taxtanın 1 kubu 270-275 manat civarında dəyişirdi. Hazırda qiymətdə cüzi bahalaşma müşahidə olunur. Bazarlarda 4 metrlik taxtanın kubu 290 manata, 6 metrlik isə 285 manata təklif olunur. Digər tikinti materiallarının qiymətində isə ciddi dəyişiklik yoxdur”.
Ekspert bildirib ki, yay aylarında inşaat bazarında qiymətlər stabil qalır. Ümumilikdə ötən illə müqayisədə, bu il qiymətlər aşağıdır. Tələbat isə yüksək olaraq qalır.
Qeyd edək ki, ölkəyə idxal olunan inşaat materialları əsasən Rusiya və Türkiyədən gətirilir. ABŞ-ın və digər Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar isə Azərbaycanın inşaat bazarına təsir göstərib.
Gülşən Şərif / Redaktor.az