“Vizanın qiymətinin aşağı salınması vacibdir” - İqtisadçıdan ŞƏRH

 16:29 22.05.2019     481

Azərbaycan vizasını Avropa ölkələri vətəndaşına 350 dollara təklif edir.

 “Ölkəyə turist axının artırılması üçün vizanın qiymətinin aşağı olması arzuolunandır”.  

Bunu İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirib.

O, vurğulayıb ki, vizanın qiymətinin yüksək olması turizmin inkişafına mane olacaq:

“Viza qiymətini müəyyənləşdirən zaman hansısa təhlilə ehtiyac olmur. Sadəcə hansısa strukturlarda  bu resurslar hesabına büdcəyə daha çox gəlirlərin daxil olması məsələsi  əsas götürülür. Həmin dövlət qurumları çalışırlar ki, öz istiqamətləri üzrə büdcəyə ödənişlərin həcmini artırsınlar. Nəticədə isə öz missiyalarını yerinə yetirdiklərini düşünürlər. Halbuki bu cür missiya ölkənin iqtisadi inkişafına xidmət etmir.

Turizmin inkişafı üçün ödənişlərin məbləğinin aşağı salınması vacibdir

Turizmin inkişafının dayanıqlılığını başqa cür təmin etmək mümkün deyil. Hazırda mənfi dinamikalar var və ölkəyə turist axını zəifləməkdədir. Ölkəyə turist axının artırılması üçün vizanın qiymətinin aşağı olması arzuolunandır. Turistlər ölkəyə daxil olandan sonra, onların müəyyən xərclərinin çoxalması üçün turizm infrastrukturunu genişləndirmək lazımdır. Dünya təcrübəsinə əsasən, hansısa rüsumların tətbiqi az effektli olur”.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, 2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir.

Gülşən Şərif /  Redaktor.az