Aqrar sığorta fermerlərə NƏ VƏD EDİR? - Ekspert AÇIQLADI

 17:43 14.06.2019     548

Milli Məclisin plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi qəbul edilib.

Ekspertlərə görə, fermerlərin aqrar sığortaya cəlb olunması çox mühümdür. 

Yeni qanun kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Redaktor.az-a açıqlamasında bildirib ki, qanunun səmərəli olması üçün mövcud nöqsanların aradan qaldırılması zəruridir:

“Aqrar sığorta kənd təsərrüfatının inkişafı üçün çox mühümdür. Bu sığorta növü fonunda fermerlər ziyana məruz qalmır, biznesini inkişaf etdirir. Bəzi hallarda fermer ziyana məruz qalırsa, kompensasiya ödənir. Eyni zamanda, fermerlərin bilgilərinin artırılmasında müsbət rola malikdir. Yəni, aqrar sığorta fermerlərə maddi və mənəvi cəhətdən dəstəkdir.

Ölkədə məhkəmə sistemi müstəqil olmalıdır.

Qəbul olunan istənilən sənədlərin effektivliyini görməyə bir sıra amillər əngəl törədir. Bu əngəllərdən biri məhkəmələrin fəaliyyəti ilə bağlıdır. Məhkəmə sistemi müstəqil olmalıdır. Hazırda bu müstəqillik olmadığına görə, sığortalanan və sığortalayan təşkilatlar arasında yaranan mübahisələrin ədalətli həlli tapılmır. Hansı tərəf güclüdürsə, məsələ onun xeyrinə həll olunur. Yeni qanunun işlək olması üçün məhkəmə sisteminin fəaliyyətinin təkminləşdirilməsinə ehtiyac var.

Sığorta sahəsi üzrə mütəxəssislərin sayı olduqca azdır.

Azərbaycanda sığorta hadisələrinin başvermə səbəblərini dəqiq müəyyən edə bilən mütəxəssislərin sayı çox aşağıdır. Bu, çox ciddi problemdir. Sığorta hadisələrinin araşdırılması üçün müstəqil mütəxəssislər olmalıdır”.

Qeyd edək ki, Milli Məclisin qəbul etdiyi sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Gülşən Şərif / Redaktor.az