DİQQƏT! Bu şəxslərə torpaq vergisində GÜZƏŞT EDİLİR

 13:05 15.06.2019     511

Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisi ödəməlidir. 

Ancaq bəzi mülkiyyətçilərə bu verginin ödənilməsi zamanı güzəştlər edilir.

İqtisadçı ekspert Pərviz Heydərov Redaktor.az-a açıqlamasında bildirib ki, torpaqdan səmərəli istifadə edilməsi üçün edilən güzəştlər təqdirəlayiqdir:

“Ölkəmizdə dövlətin və hökumətin həyata keçirdiyi ümumi vergi siyasətinə uyğun olaraq, torpağın istehsal vasitəsi kimi istifadə olunması üçün müvafiq vergi güzəştləri kifayət qədər stimullaşdırıcıdır. Bunu zaman keçdikcə iqtisadi tələblər əsasında təkmilləşdirmək olar. Ümumiyyətlə, torpaq bir istehsal vasitəsi kimi artmır. Odur ki, ondan istifadə məhsuldar olmalı və səmərəli xarakter daşımalıdır.

Bu şəxslərə torpaq vergisində güzəşt edilir.

Torpaq vergisiylə bağlı elə ciddi güzəştlər yoxdur. Sadəcə olaraq,  Milli qəhrəmanlar, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, müharibə əlilləri, həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri),  1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, müharibə veteranları,  Çernobıl AES-də mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər mülkiyyətlərində olan torpaqlara görə ödəməli olduqları verginin 10 manatından azaddırlar.

Prezident İlham Əliyevin qərarına əsasən, yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan fiziki şəxs, hüquqi şəxs olmadan həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, istifadə etdikləri torpaqlara görə 7 il müddətinə vergidən azaddırlar. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə vergi ödəmir".

Gülşən Şərif / Redaktor.az