Biçilməmiş taxıl sahələri niyə yanır? - Ekspert AÇIQLADI

 20:33 15.06.2019     842

Son günlər bölgələrimizdə tez-tez biçilməmiş taxıl sahələrinin yanması halları müşahidə olunur. 

Taxıl sahələrinin yanmasına təsir göstərən amillər nələrdir?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Redaktor.az-a açıqlamasında qeyd edib ki, taxıl sahələrinin təhlükəsizliyinin tam təmin olunmaması yanğınlara səbəb olur:

“Biçilməmiş taxıl sahələrinin yanmasına bir neçə amillər təsir göstərir. İlk növbədə, təhlükəsizlik qaydalarına riayət olunmur. Biçinin başlaması üçün taxıl bitkisi kökündən sümbülün baş hissəsinə qədər tam qurumalıdır. Bu isə çox həssas bir vəziyyət yaradır. Əksər halda fermerlərin ehtiyatsızlığı biçilməmiş taxıl sahələrinin yanmasına səbəb olur. Fermerlərin həmin ərazilərin yaxınlığında siqaret çəkməsi, bəzən ocaq qalayıb, yemək bişirməsi və s. kimi hallar neqativ hadisələrə yol açır.

Taxıl sahələrinin əksəriyyəti təhlükəli ərazilərdədir.

Bəzi taxıl sahələri yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yerləşir. Həmin xətlərdə yaranan yüksək yüklənmə nəticəsində yanğın baş verə bilir. Bu zaman isə alov taxıl sahəsinə düşür və əkin sahələri yanmağa başlayır. Taxıl sahələrinin magistral yolların kənarında yerləşməsi də digər təhlükədir. Bəzən yoldan keçən insanların  bilmədən ehtiyatsızlıq etməsi yanğına şərait yaradır.

Taxıl sahələrinin kənarında yaşıl zolaq salınmalıdır.

Biçilməmiş sahələrin yanması nəticəsində yaranan problemlərdən biri də sahibkarın çəkdiyi ziyandır. Belə ki, 1 hektar taxıl ərazisinin yanması təsərrüfatçıya təxminən 500-600 manat zərər verir. Taxıl sahəsinin yanması ekoloji cəhətdən də böyük zərbə vurur. Çünki torpaqda olan bütün mikroorqanizmlər yanır. Taxıl sahələri təhlükəli ərazilərdən kənarda yerləşdirilməlidir. Eyni zamanda, bu sahələrin kənarlarında yaşıl zolaqlar salınmalıdır. Bu, bir növ baryer rolunu oynayır”.

Qeyd edək ki, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. İl ərzində Şamaxı rayonunun Göylər kənd ərazisində 60 hektar, Çöl Göylər kənd ərazisində 7 hektar, Samux rayonunun Lək kəndində 2 hektar, Cəlilabad rayonunda 1 hektar, Ağcabədi rayonunun Xocavənd kəndində 1 hektar, Yevlax rayonunun Aran qəsəbəsində 0,07 hektar, Füzuli rayonunda 2,5 hektar, Xaçmaz rayonunun Niyazoba kənd ərazisində 1 hektar, Ağsu rayonunun Qaraqaşlı kəndində 0,8 hektar, Göyçay rayonunun Mirzəhüseynli kəndində 2,5 hektar, o cümlədən, Kürdəmir rayonunun Yenikənd ərazisində 700 m² sahədə biçilməmiş taxıl səhəsi yanıb.

Gülşən Şərif / Redaktor.az