Dövlət sektorunda əməkhaqqının artırılması özəl sektora NECƏ TƏSİR EDƏCƏK?

 16:08 19.06.2019     515

“Özəl sektorun inkişafı olmasa, dövlət büdcəsində çalışan vətəndaşların aylıq əməkhaqqını artırmaq mümkün olmaz”.

Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov Redaktor.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, yeni sərəncam özəl sektora marağı azaltmayacaq:

“Prezident İlham Əliyevin sərəncamı birgə təşkilatlarda çalışan işçilərin aylıq gəlirlərinin artırılması və sosial müdafiəsinin daha yaxşı təmin olunmasından ibarətdir. Yeni sərəncam dövlət sektorunun gələcək inkişafı üçün prioritetdir. Bütövlükdə isə özəl sektorun inkişafı çox vacibdir. Özəl sektorun inkişafı olmasa, dövlət büdcəsində çalışan vətəndaşların aylıq əməkhaqqını artırmaq və onların sosial müdafiəsini mərhələli şəkildə yaxşılaşdırmaq mümkün olmaz”.

P. Heydərov iqtisadi inkişafın əsas hissəsinin özəl sektorun payına düşdüyünü vurğulayıb:

“Dünya təcrübəsinə əsasən, özəl sektorda əməkhaqqı dövlət sektoruna nisbətən yüksək olur. Bu göstərici Azərbaycanda da mövcuddur. Yəni, özəl sektorda çalışanların orta aylıq əməkhaqqı bir neçə dəfə yüksəkdir. Bu baxımdan dövlət sektorunda əməkhaqqının artırılması özəl sektorun inkişafına mənfi təsir göstərə bilməz”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq.

Gülşən Şərif / Redaktor.az