Pomidorun qiyməti niyə UCUZLAŞMIR? - Ekspertlər AÇIQLADILAR

 15:26 11.07.2019  56

Son günlər pomidorun qiymətinin baha olması müzakirə mövzusuna çevrilib.

Vətəndaşların çoxu iyul ayında Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidorunun bazara çıxarılacağını və qiymətlərin ucuzlaşacağını gözləyirlər. Lakin iyulun onuncu gününün olmasına baxmayaraq, açıq sahə pomidoru bazarlara çıxmayıb.

Bu pomidorların satışa çıxarılmamasının səbəbi nədir? Ümumiyyətlə, hazırkı vəziyyətdə pomidorun qiyməti niyə ucuzlaşmır?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Redaktor.az-a açıqlamasında qeyd edib ki, hazırkı vəziyyətdə mövsümi meyvə və tərəvəzlərin qiymətlərinin baha olmasına səbəb təklifin azalmasıdır:

“Bir neçə gün öncəyə qədər orta keyfiyyətli pomidorun qiyməti təxminən 1 manat idisə, hazırda 2 manatdır. Eləcə də kartof, soğanın qiymətində artım müşahidə olunur. Hazırki bahalaşmaya səbəb təklifin azlığı ilə yanaşı, istehsalın aşağı olmasıdır. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Statistika Komitəsi bu sahədə inkişafın olduğunu sübut etmək üçün qiymətlərdə dəyişiklik edir. Lakin reallıqda məhsul qıtlığı yaşanır. Yəni, tələbatı ödəyəcək səviyyədə deyil. Satışla məşğul olan sahibkarlar isə bu vəziyyətdən sui-istifadə edərək, qiymətləri süni şəkildə qaldırırlar.

Ərzaq məhsullarının istehsalında azalma yaşanır

Bazarda təklifi artırmaq üçün istehsal artırılmalıdır. Ölkədə əhalinin tələbatı qədər mal və məhsullar istehsal olunmalıdır. Bu gün adambaşına tərəvəz istehsalına görə Azərbaycan Qafqazda axırıncı yeri tutur. Bu il daha çox barama, pambıq və ərzaq məhsulları olmayan digər sahələrə daha çox önəm verildi. Təəssüf ki, bu sahələrdə də nailiyyət əldə olunmadı. Bazarda qiymətlərin stabil olması meyvə-tərəvəz və ərzaq məhsullarının istehsalı artırılmalıdır.

Hazırda topdan-satış bazarı monopolistlərin nəzarətindədir

Məhsulun az olmasının səbəbi bu sahəyə məsul olan şəxslərin qeyri-peşəkarlığı ilə bağlıdır. Bu sahəni idarə edən şəxslər kəndli və fermerlərin meyvə-tərəvəz istehsalında maraqlı olmasına şərait yaratmalıdır. Eyni zamanda, kəndli və fermerlərin biliyinin artırılması istiqamətində işlər görülməlidir. Məhsuldarlığın artması üçün kompleks tədbirlər görülməlidir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə vurğulayıb ki, iyun-iyul aylarında hava şəraitinin qeyri-sabit keçməsi açıq sahə tərəvəzçiliyinə mənfi təsir göstərməyə davam edir:

“Builki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar. İlkin yazdan başlayaraq, havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq (gilas, ərik, alça və s.) aşağı düşdü”.

N. Nəsirli vurğulayıb ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığına görə kütləvi yetişmə prosesi gecikir:

“İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır. İyulun əvvələrində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da, açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib. İstilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir. Artıq  iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib. Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı. Hazırda fermerlər yalnız ala-kal məhsulların yığımına başlayıb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib”.

İqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununla da bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaq:

“Əhalinin pomidora olan  illik təlabatı 400- 470 min ton təşkil edir ki, yerli istehsal bunu tam ödəməyə gücü çatır. İstehsal həcminə görə, adambaşına 64 kq pomidor düşür. Lakin hesablamalar göstərir ki, hər bir vətəndaş ildə 50 kq-dan artıq pomidor istehlak etmir”.

Gülşən Şərif / Redaktor.az