Meyvə-tərəvəz məhsullarının ixracında ARTIM - Ekspertdən AÇIQLAMA

 12:00 13.07.2019     558

Bu il Azərbaycanın meyvə-tərəvəz ixracında artım müşahidə olunur.

“Ötən ilin yanvar-aprel aylarında Rusiya ilə ixrac 135 milyon dollar təşkil edibsə, bu il 164 milyon dollara yüksəlib”.

Redaktor.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib.

O, qeyd edib ki, ötən ildən başlayaraq, yaxın və uzaq qonşu ölkələrdə meyvə-tərəvəz məhsullarının qiyməti yüksəlməkdə və təlabat dinamik artmaqdadır:

“Bu proses maya dəyəri ucuz başa gələn Azərbaycan məhsullarına təlabatı artırır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-aprel aylarında Rusiya ilə ixrac 135 milyon dollar təşkil edibsə, bu il 164 milyon dollara yüksəlib. Burada meyvə-tərəvəz xüsusi çəkiyə malikdir. 2018-ci ilin aprelində Rusiyaya 36 milyon dollarlıq qeyri-neft məhsulları göndərilibsə, bu ilin aprelində 49 milyona qalxıb. Apreldə Türkiyə ilə də ticarət münasibətləri xeyli yüksəlib. Ötən il 29 milyon dollarlıq dövriyyə bu ilin aprelində 48 milyon dollara qalxıb.

Meyvə-tərəvəz məhsulları üzrə ixrac 34% artıb.

2018-in yanvar-aprel dövründə Rusiyaya 111 milyon dollarlıq meyvə-tərəvəz göndərilibsə, bu ilin eyni dövründə 34% artaraq 149 milyon dollara yüksəlib. 2018-ci ilin yanvar-aprel aylarında qonşu Rusiyaya göndərilmiş mahlıc, fındıqdan sonra pomidor üçüncü olub. 2018-ci ilin yanvar-aprel aylarında 42 milyon dollarlıq pomidor ixrac olunubsa, 2019-cu ilin müvafiq dövründə  49 milyon dollar təşkil edib. Həmçinin ötən ilin aprel ayında  18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin müvafiq ayında 24 milyon dollara yüksəlib. Pomidor ötən ilin aprelində də bu ilin aprelində də ixracda liderliyini qoruyub. 2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon dollar təşkil edib.

Pomidora artan təlabat istehsal strukturunda öz əksini tapır.

“2016-cı ildə 23 min 819 hektardan 503 min ton pomidor istehsal edilibsə, 2017-ci ildə əkin sahəsi azalsa da (21 min 331 ha) məhsuldarlıq hektardan 164 sentinerə yüksəlib. Nəticədə 624 min ton pomidor istehsalına nail olunub. Hətta illik ixracı da nəzərə alsaq, yerdə qalan hissə ölkə əhalisinin təlabatını tam ödəməyə imkan verir”.

Gülşən Şərif / Redaktor.az