SOCAR bu ilin sonuna ölkə üzrə ümumi qaz hasilatında 20%-lik artım proqnozlaşdırır

 19:42 17.07.2019     365

SOCAR 2019-cu ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb.

Redaktor.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, 2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 mln. tondan çox neft, 1,7 mlrd. kubmetrə yaxın qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.

Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Cari ilin II rübündə şirkət üzrə 41 min metrdən artıq qazma işi aparılıb.

“Hesabat dövründə SOCAR tərəfindən Azəri-Çıraq-Günəşli (AÇG) üzrə mənfəət nefti də daxil olmaqla 4,9 mln. ton xam neft, 172 mln. kubmetrdən çox təbii qaz, 604 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48% artım qeydə alınıb. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir”, - deyə şirkətin məlumatında qeyd olunub.

Hesabat dövründə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 mln. tondan çox neft, 8 mlrd. kubmetrdən artıq qaz hasil edilib. Dövr ərzində ölkədən 2,4 mlrd. kubmetrdən çox təbii qaz ixrac edilib. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37% təşkil edib.

“Yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20% artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcək. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır”, - deyə SOCAR-ın məlumatında bildirilir.