Azərbaycan üçün TƏHLÜKƏ - Neftin qiyməti UCUZLAŞA BİLƏR

 10:15 09.08.2019     886

“Azərbaycan üçün təhlükəli qiymət həddi 55 dollardan aşağıdır”.

Redaktor.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli son günlər neftin qiymətinin ucuzlaşmasını şərh edərkən bildirib.

İqtisadçının sözlərinə görə, dünyada baş verən geosiyasi oyunlar neftin qiymətinə birbaşa təsir edir:

“Keçən həftənin sonunda Hürmüz boğazında tanker müharibəsi qızışdı, ABŞ təyyarələri İran hərbi gəmilərinin üzərindən uçdu, Yəməndə böyük gücə malik Husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi və nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı. Bütün bu hadisələr neftin kəskin bahalaşmasına səbəb olmalı idi. Hətta ABŞ və Avropa birjaları bağlı olduğu üçün təkcə Asiya birjaları buna reaksiya verdi və neft 2 dollar bahalaşdı. Lakin şənbə-bazar günləri Tramp məsələyə müdaxilə edib, Çinə 10% əlavə gömrük rüsumu tədbiq edəcəyi ilə bağlı tvit atdı. Daha sonra  Çin qəsdən öz yuanını ucuzlaşdırdı ki, ixracatçıları az ziyan görsünlər. Bu zaman D.Tramp açıq şəkildə Çini valyuta manipulyasiyasında günahladırdı, Pekinə qarşı daha kəskin addımlar ola biləcəyini bəyan etdi. Ardınca isə ABŞ Enerji Agentliyi neft ehtiyatlarının artdığını, idxalın azaldığını, hasilatın isə yenidən günlük 12,3 mln. barelə qədər artdığını açıqladı”.

Trampın şənbə-bazar tvitləri və ticarət, valyuta müharibələrinin qızışması neft bazarında panika yaratdı:

“Nəticədə qiymətlər 7% düşdü, lakin bu gün yenidən 2%-dən çox qaldı. Tramp artıq seçki kampaniyasına başlayıb. ABŞ-da seçiciyə ən çox təsir edən amil benzin qiymətləridir, çünki amerikalılar xarici siyasətə qarışmırlar. Obama 1 qallon benzini 2 dollara salıb getmişdi, Tramp gələndən qiymət 4 dollara yaxınlaşmışdı. İndi Trampın əsas arzusu 1 qallon benzini 2-2,5 dollara salmaqdır. Bunun üçün Şimali Amerika sort nefti 40-45 dollar olmalıdır. Bu gün həmin növ neft hələ 52 dollardır və 1 ay belə qalsa, benzinin qallonu 3 dollardan aşağı düşəcək”.

N. Cəfərli qeyd edib ki, neftin qiymətinə təzyiqlər 1 il davam edəcək və bu müddət ərzində neftin kəskin ucuzlaşması Azərbaycan üçün təhlükə yaradacaq:

“Bu gün dünyada neft qiymətlərinə ciddi və əsaslı, həm də qalıcı təsir edə bilən yeganə ölkə ABŞ-dır. Amerika seçkilərinin 2020-nin payızında olacağını nəzərə alsaq, hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq. Azərbaycan üçün təhlükəli qiymət həddi isə 55 dollardan aşağıdır. Yəni, qiymət düşsə və uzun zaman qalsa, bizə qalıcı təsirləri artacaq. Bu zaman hökumətin qurmağa çalışdığı yeni uğur hekayəsi manatla birgə suya düşüb, axıb gedəcək. Çünki  2018-19-cu illərdə sabitləşən və cüzi artan iqtisadiyyatın yeganə səbəbi 65 dollardan yuxarı qalxan orta neft qiymətləri idi”.

Gülşən Şərif / Redaktor.az