Ev tikənlərin DİQQƏTİNƏ! - Bu tikinti materialları BAHALAŞIB

 11:41 09.08.2019     1069

Yay aylarında tikinti materialları bazarında canlanma müşahidə olunur. Xüsusən də sıravi vətəndaşlar bu aylar ərzində fərdi yaşayış evlərinin tikintisinə daha çox meylli olurlar. Bu isə tikinti mallarının qiymətlərinin necə olmasını gündəmə gətirir.

Hazırda tikinti bazarlarında qiymətlər necədir?

“Əmlak” Ekspert Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirib ki, hazırda tikinti materiallarından taxtanın qiymətində bahalaşma müşahidə olunur:

“Hazırkı mövsümündə taxtanın qiymətində bahalaşma mövcuddur. Belə ki, yaz mövsümü ilə müqayisədə hər kubun dəyərində təxminən 25-30 manatdan çox qiymət artımı var. Eyni zamanda taxtanın topdansatış qiymətində artım müşahidə olunur. Qiymət artımına təsir edən əsas səbəblərdən biri ağac emal olunan ərazilərdə mövcud təbii şəraitin dəyişməsi və emal üçün xərclərin artmasıdır. Ağac emal olunan ərazilər daha çox şam və bu qəbildən olan ağaclardan ibarət meşəliklərdir. Bu meşəliklər torfla zəngin olduğuna görə, yay mövsümündə həmin ərazilərdə buzlaqların əriməsi böyük bataqlıqlar əmələ gətirir. Nəticədə emalda azalma və xərclərin artımı yaşanır. Bu isə hər il taxtanın qiymətinin artımına yol açır. Bununla yanaşı, ölkəmizə taxta xüsusən Rusiyadan idxal olunur və yay mövsümündə idxal bir qədər azalır. Hazırda bazarda tələb və təklifin həddində dəyişiklik var. Senytabr ayından etibarən qiymətdə yenidən azalma baş verəcək. Ümumilikdə noyabr ayına qədər taxtanın qiyməti aprel-may aylarında qeydə alınan göstərici ilə eyni olacaq”.

Ekspert vurğulayıb ki, digər tikinti materiallarında isə qiymət artımı çox az şəkildə baş verib:

“Mövsümlə əlaqədar tikinti tempinin, xüsusən də fərdi yaşayış evlərinin tikilməsi üzrə artım müşahidə olunur. Nəticədə dəmir məmulatları və bəzi dam örtüklərinin qiymətində bahalaşma baş verib. Artım yüksək olmasa da, cüzi şəkildə müşahidə olunur. Məsələn, dam örtüklərinin qiymətində təxminən 5-10%-ə qədər, dəmir məmulatlarında isə 5%-ə qədər artım var. Yerki istehsal olan armaturun qiyməti isə  10% artıb. Mismar kimi məmulatlarda qiymət artımı olmayıb”.

R. Osmanlıya görə, bazarda tikinti materialları üzrə yerli istehsalın artmasına baxmayaraq, qiymətlərdə kəskin ucuzlaşma baş vermir:

“Ən maraqlı göstəricilərdən biri ölkəyə idxal olunan diktlərin qiyməti ilə bağlıdır. Belə ki, diktlərin qiymətində yaz mövsümündə qeydə alınan göstəricilərlə müqayisədə azalma baş verib. Azalma təxminən 5%-ə qədər düşüb. Bunun səbəbi tam olaraq məlum deyil. Yerli istehsaldan olan yük daşları, qum və çınqılın qiymətlərində isə cüzi artımlar müşahidə olunub. Hazırda müşahidə olunan qiymət artımının əsas səbəbi bazarda rəqabət mühitinin olmamasıdır. Yəni, bəzi tikinti materiallarının istehsalı sadəcə bir şəxsin nəzarətindədir. Rəqabət imkanları geniş olan məhsulların isə qiymətlərində cüzi azalma yaşanır”.

Gülşən Şərif / Redaktor.az