Azərbaycanın xarici ticarət dövriyyəsi 15,2 faiz artıb

 13:59 15.08.2019     342

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac, 164 ölkədən isə idxal olunub.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 16866,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9850,6 milyon dollar, idxalın dəyəri isə 7015,6 milyon dollar təşkil edib. Nəticədə 2835,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,2%, o cümlədən idxal 50,5% artıb, ixrac isə 1,4% azalıb. Real ifadədə isə dövriyyə 6,5%, o cümlədən idxal 19,6%, ixrac 0,4% artıb.