Daşkəsənin kanalizasiya infrastrukturu yenidən qurulur

 15:30 15.08.2019     335

Daşkəsən şəhərində 17 km paylayıcı su şəbəkəsi tikilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.  

“Azərsu” ASC-dən Redaktor.az-a verilən məlumata görə, hazırda şəhərin kanalizasiya infrastrukturu yenidən qurulur. Bu məqsədlə 11,5 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilib. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə hazırda məhsuldarlığı sutkada 3500 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. 

Layihə çərçivəsində 1500 min nəfər əhalinin yaşadığı Alunitdağ və Mədənçilər qəsəbələrinə də içməli suyun verilməsi nəzərdə tutulub. 
Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla şəhərdə 12 min nəfər əhalinin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Əhalini  içməli su ilə təmin etmək üçün suyun Qarainək bulaqları və Gurbulaq su mənbələrindən verilməsi qərara alınıb. Bu məqsədlə hər iki mənbədə suqəbuledici qurğular inşa olunub. Su mənbələrindən şəhərə qədər 20 km magistral su kəməri çəkilib və ümumi həcmi 4500 kubmetr olan 4 su anbarı, 2 ədəd nasos stansiyası inşa edilib.