Azərbaycanın Pakistanla ticarət dövriyyəsinin həcmi 32 mln. dollaradək artıb

 12:45 05.09.2019     544

Bakıda Pakistanın Sərhəd Ticarət və Sənaye Palatasının “Biznes fəaliyyətində ən yaxşıların qiymətləndirilməsi” mövzusunda biznes forumu keçiriləcək. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bu gün keçirilən mətbuat konfransında məlumat verib. 

Bu gün baş tutacaq biznes forumun iki ölkənin əczaçılıq, turizm və enerji sahələrindən olan iş adamları tərəfindən təşkil olunduğunu bildirən səfir vurğulayıb ki, iki dost ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir, lakin bu əlaqələr iqtisadi münasibətlərdə özünü əks etdirmir: “Bu cür biznes forumların məqsədi iki ölkə arasında iqtisadi əlaqələri yüksək səviyyəyə çatdırmaqdır”. 

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi son 2 il ərzində iki dəfədən çox artıb və ya 8 milyondan 32 milyon dollaradək artıb. 

Pakistanın Hayber-Pahtunhva vilayət Assambleyasının spikeri Muştaq Əhməd qeyd edib ki, iki ölkə arasında qardaşlıq münasibətləri mövcuddur: “Əminik ki, bu münasibətlər iqtisadi əlaqələrə də sirayət edəcək”. 

Yuxarıda adıçəkilən vilayətin Sərhəd, Ticarət və Sənaye Palatasının prezidenti Feyz Məhəmməd deyib ki, biznes foruma 150-dən artıq iş adamı qatılacaq: “Bu iş adamları Pakistanda biznes fəaliyyətində uğur qazanmış şəxslərdir. Bu, ikinci belə tədbirdir. Ötən il oxşar tədbir İstanbulda baş tutub və orada 120-dən artıq nümayəndə iştirak edib”. 

O qeyd edib ki, Hayber-Pahtunhva vilayəti neft, qaz və hidroenerji ehtiyatlarla zəngindir, vilayətin turizm potensialı böyükdür, orada arıçılıq, tikinti sektoru inkişaf edib: “Məqsəd Azərbaycandan Pakistana investor cəlb etməkdir”. 

Pakistan Sərhəd Ticarət və Sənaye Palatasının vitse-prezidenti Zahid Şinvari bildirib ki, vilayət Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq edə bilər: “Azərbaycan və Pakistan arasında münasibətlər yüksək səviyyədədir və biz iqtisadi əlaqələri də bu səviyyəyə çatdıra bilərik”.//Apa.az