Azərbaycanda 400-dən çox pambıqyığan kombayn hazır vəziyyətə gətirilib

 17:18 09.09.2019     1060

Azərbaycanda 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, onlardan 122 ədədi "Aqrolizinq" ASC-nin, 288 ədədi isə özəl şirkətlərin payına düşür.

Redaktor.az-ın məlumatına görə, bunu "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib.

Onun sözlərinə görə, “Aqrolizinq”in rayon bölmələrinin istifadəsində 125 ədəd "Belarus-80x" tipli traktor, 220 ədəd qoşqu mövcuddur.

"Cari ildə respublika üzrə 21 rayonda 100 111,7 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 240,8 hektarı hüquqi şəxslərə, 3 070,89 hektarı fiziki şəxslərə məxsusdur", - deyə E. Rəhmanov qeyd edib.

E. Rəhmanovun onu da bildirib ki, yığım mövsümündə pambıqçılıq sahəsində ixtisaslaşmış hüquqi şəxslərə pambıq yığımını vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün ASC-nin regional nümayəndəlikləri və rayon bölmələrindən 123 ədəd pambıqyığan kombaynın işlərə cəlb edilməsi nəzərdə tutulur.

"Artıq pambıqçılıq rayonlarında becərmə ilə bağlı bütün proseslər başa çatdırılıb və yığıma hazırlıq prosesi gedir. İlkin olaraq, pambıqyığan kombayna məhsulun toplanacağı  sahələrdə defolyasiya işlərinə başlanılıb. Belə ki, yığımdan əvvəl pambıq kollarında yarpaqlarının tökülməsi üçün defolyant vurulur, 10-12 gün sonra isə pambıqyığan kombaynlar yığıma başlayır", - deyə E. Rəhmanov bildirib.

Hazırda “Aqrolizinq" ASC-nin rayon bölmələrinin gübrə anbarlarında biostimulyatorlar,  defolyasiyanı həyata keçirmək üçün defolyantlar dövlət tərəfindən müəyyən edilən 70% güzəştlə pambıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə satışı həyata keçirilir.//Apa.az