SOCAR "Qaradağ" yeraltı qaz anbarının tutumunun artırılmasına hazırlaşır

 13:38 23.09.2019     309

SOCAR "Qaradağ" yeraltı qaz anbarının aktiv qaz həcmini 2 mlrd. kubmetrə çatdırmaq məqsədilə layihələndirmə işlərinə başlayıb.

SOCAR-dan Redaktor.az-a verilən məlumata görə, yeraltı qaz anbarlarına vurulan qaz həcmlərinin artırılması məqsədilə, təsdiq edilmiş layihə əsasında "Qalmaz" qaz anbarında aktiv qaz həcminin 1,5 mlrd. kubmetrə (1 mlrd. kubmetrdən) çatdırmaq üçün yeni qaz-kompressor stansiyası artıq tikilib və istifadəyə verilib.

Verilən məlumata əsasən, bu ilin aprel ayından qaz anbarlarına 1,37 mlrd. kubmetrdən artıq qaz vurulub.

Yeraltı qaz anbarlarının saxlama gücünün artırılması Azərbaycanda yaxın illərdə qaz hasilatının artması ("Şahdəniz-2" layihəsinin həyata keçirilməsi və yeni yataqlarda hasilata start verilməsi ilə əlaqədar) fonunda olduqca aktual və zəruri məsələ hesab olunur: "Görülən işlər əlavə qaz həcmlərini anbarlarda saxlamaq üçün geniş imkanlar yaradacaq".

Qeyd edək ki, SOCAR 2021-ci ilin sonunadək Azərbaycanın "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrə çatdırılmasını planlaşdırır.