"Nazirlər Kabinetinin özünün islahata ehtiyacı var" - Baş nazir nə qədər peşəkar olsa da...

 12:15 10.10.2019     406

İki gün əvvəl Novruz Məmmədov Baş nazir vəzifəsindən istefa verdi. Və bu posta Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin edildi. Bu təyinatın ölkənin iqtisadi sferasında atılan addımların reallaşdırılması, islahatların həyata keçirilməsi üçün edildiyi bildirilir. Xüsusi ilə Novruz Məmmədovun iqtisadçı olmaması və Azərbaycanda iqtisadi sahədə dinamik proseslərin getməsi reallığında, onun bilik və bacarığının iqtisadi tələblərə adekvat olmadığı fikri qabardıldı.  

Bəs, Əli Əsədovun Baş nazir olması hansı dəyişikliklərə səbəb olacaq?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçi ekspert Pərviz Heydərov bildirib ki, adı çəkilən qurumun özünün də islahata ehtiyacı var:

“Nazirlər Kabinetinin tərkibinə 40-dan çox struktur daxildir. Yəni bu quruma rəhbərlik edən şəxs nə qədər peşəkar olursa olsun, tərkibə daxil olan strukturları koordinasiya etmək, əlaqələndirmək və bir mərkəzdən yönəltmək çox çətin məsələdir. Ona görə də Nazirlər Kabinetinin özündə islahatlar aparılmalıdır”.

P. Heydərov vurğulayıb ki, bu qurumun müəyyən hissəsi "kəsilib-doğranmalı", bəzi yerləri isə “yamammalıdır”:

“Məsələn, mənə aydın deyil ki, nəqliyyat sferası nədən rabitə və informasiya texnologiyaları sahəsi ilə bir qurum adı altında “cütləşdirilmiş” şəkildə mövcud olmalıdı? Nəqliyyat böyük sferadır, dövlət büdcəsinə ən böyük gəlir gətirən sahədir. Rabitə də o cümlədən... Hazırda nəqliyyata dair az qala 25 sayda qurum fəaliyyət göstərir. Bu sadəcə bir nümunədir. İdarəetmədə sadəliyə getmək lazımdır, mürəkkəbliyə yox”.

İqtisadçı ekspert Natiq Cəfərli də məsələ ilə bağlı saytımıza danışıb.

N. Cəfərli hesab edir ki, yeni gələn baş nazir iqtisadiyyatda çoxşaxəliliyi təmin etməyə çalışmalıdır:

“Azərbaycanın ticarət balansı 91 % enerji daşıyıcıları olduğuna görə, AB ən böyük iqtisadi tərəfdaşımızdır. Yəni Azərbaycanın ixracatının yarıdan çoxu - 75 %-i AB ölkələrinə (Türkiyə, İsrail daxil olmaqla) istiqamətlənir. İxracatın tərkibində də enerji daşıyıcıları üstünlük təşkil etdiyi üçün Azərbaycan Qərb ölkələri ilə iqtisadi əməkdaşlığın genişlənməsində daha maraqlıdır. Çünki Azərbaycanın istehsalında əsas yer tutan enerji daşıyıcılarını Gürcüstan və Türkiyə xaric, qonşularımıza ixrac edə bilmərik. Çünki Rusiyanın özünün kifayət qədər nefti və qazı var. İranda da eyni vəziyyətdir. Ancaq Rusiya Azərbaycanın qeyri-neft ixracatında həlledici rol oynayan ölkədir. Qeyri-neft sektorunun ixracatında az qala 75-80 %-ə yaxını məhz Rusiyaya istiqamətlənib. Buna görə də Rusiya ilə əməkdaşlığın daha da genişləndirilməsi, süni maneələrin aradan qaldırılması, sərhəddən sürətli keçidlərin təmin olunması çox vacibdir”.

İqtisadçı qeyd edib ki, amma çoxşaxəli modelə keçidlə bağlı düşünməkdə fayda var:

“Çünki bir ölkədən bu qədər asılılıq olması ticarət münasibətlərində gələcəkdə müəyyən problemlərin yaranması ilə nəticələnə bilər. Ona görə də yeni baş nazir və Nazirlər Kabineti ixracatda çoxşaxəli modelə keçməyi hədəf kimi qarşısına qoymalıdır. Burada əsasən qeyri-neft ixracatından söhbət gedir. Tək Rusiya yox, Ukrayna, Orta Asiya ölkələri, AB ölkələri istiqamətlər üzrə işlər görülməsinə ehtiyac var. Burada Rusiya ilə də münasibətləri yüksək səviyyədə, normal saxlamaq şərti ilə qeyri-neft sektorunun ixracatında digər bazarlara çıxış imkanları da dərindən araşdırılmalıdır”.

N. Cəfərli rəsmi Bakının Avrasiya İttifaqı ilə yaxınlaşma ehtimalına da toxunub:

“Ola bilər ki, müşahidəçi qismində, ya da daha sıx əməkdaşlıq formasında münasibətlər inkişaf etdirilsin. Amma Aİİ-ə üzvlüklə bağlı müəyyən prosedurlar, çətinliklər var.  Ən azından işğalçı Ermənistanın həmin qurumda təmsil olunması Azərbaycanın burada tamhüquqlu üzv olmasına başlıca maneədir. Bu, o vaxt baş verə bilər ki, Ermənistan işğalçı siyasətindən əl çəksin, torpaqlarımızın işğalına son qoysun. Bundan sonra Avrasiya İttifaqı çərçivəsində bütün ölkələrin əməkdaşlığı daha da effektiv şəkildə davam edə bilər. İndiki şərtlər daxilində Azərbaycanın Aİİ-yə tamhüquqlu üzv olması mümkün görünmür”.

İqtisadçı bildirib ki, amma əməkdaşlığın dərinləşdirilməsi yolları və istiqamətləri var:

“Qərblə bağlı Azərbaycanın balanslaşdırılmış siyasəti davam etdiriləcək. AB ilə strateji tərəfdaşlıq haqqında saziş son mərhələyə qədəm qoyub. Bu balansı yaratmaq üçün Avrasiya İttifaqı ilə sıx əməkdaşlıqla paralel olaraq AB ölkələri ilə də belə bir sazişin imzalanması Azərbaycanın neytral mövqeyinin mövcudluğuna sübut ola bilər”.

Firuzə Vahid / REDAKTOR.AZ