"Star" zavodunun illik gəlirləri 6-9 mlrd. dollar civarında qiymətləndirilir

 13:53 10.10.2019     273

Neftin qiymətindən asılı olaraq SOCAR-ın Türkiyədə yerləşən “Star Rafineri” neft emalı zavodunun (NEZ) illik gəlirləri 6-9 mlrd. ABŞ dolları təşkil edəcək.

Redaktor.az-ın məlumatına görə, bunu Əliağada (İzmir şəhəri) keçirilən mətbuat konfransında NEZ-in baş direktoru Mesut İlter deyib.

Onun sözlərinə görə, NEZ-in ümumi mənfəətinin 600-800 mln. dollar, xalis mənfəətinin isə 500 mln. dollar olacağı gözlənilir.

M. İlter əlavə edib ki, neft emalı zavodunun tam gücü ilə işlədiyini nəzərə alaraq, artıq gələn ilin nəticələrinə görə, sözügedən göstəriciləri təmin etməyə mümkün olacaq.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.//Apa.az