"2020-ci il GƏRGİN OLACAQ" - 2016-cı ilin iqtisadi şokundan çıxmamış...

 17:23 10.10.2019     330

2020-ci il maraqlı və gərgin il olacaq.

Redaktor.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

İqtisadçı hesab edir ki, qlobal iqtisadi proseslərdə gərginlik yenidən artmağa başlayıb:

“ABŞ-Çin ticarət müharibəsinə yeni bir gərginləşdirici element də daxil oldu. Öz texnoloji imkanları (xüsusilə əhalinin kütləvi video müşahidəsinin təşkili) ilə insan haqlarının pozulmasında hökumətlərinə dəstək verən Çinin xeyli sayda şirkəti ABŞ-ın sanksiya siyahısına düşdü. Çin rəsmilərinin açıqlamalarından görünür ki, bu addımdan ticarət müharibəsi qədər narahatlıq var. BVF isə dünən açıqladı ki, 2 ölkə arasında ticarət savaşı 2020-ci ildə qlobal ÜDM-i 700 mlrd. dollara qədər azaldacaq. Digər tərəfdən, ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıq da artır. Dünyanın ən nəhəng iqtisadiyyatı likvidlik problemi ilə üzləşib. FED REPO əməliyyatları vasitəsilə pul bazarına 150 mlrd. dollara yaxın vəsait inyeksiya etsə də, defisit probleminin həll olunmadığı görünür. Banklararası bazarda günlük kreditləşmə (overnayt Repo əməliyyatları) üzrə faizlərin birdən-birə 4 dəfə artması FED-i bu addımı atmağa məcbur etmişdi”.

Ekspert hesab edir ki, faiz siyasətinin yumşaldıldığı şəraitdə REPO dəstəyinin belə likvidlik defisiti problemini həll edəcəyi deyəsən mümkün görünmür:

“FED son 5 ildə ilk dəfə yenidən kəmiyyət yumşaldılmasına getməli olacaq. 2008-2014-cü illərdə çap maşını hesabına həyata keçirdiyi QE proqramı nəticəsində FED-in balansı 5 dəfə artdı. QE proqramı FED tərəfindən aktivlərin maliyyə institutlarında alınması və onları böyük həcmdə likvidlik imkanının təqdim edilməsidir. Son bir ildə isə balansın əvvəlki həcmə qaytarılması istiqamətində addımlar artıq yarımçıq saxlandı (600 mlrd. dollar azalma olmuşdu və balans 3.9 trln. dollara düşmüşdü). Bu baş verənlər bütün bəyanatlara, bəzi makroiqtisadi göstəricilərin (işsizlik, inflyasiya) yaxşı olmasına baxmayaraq, 1 N-li iqtisadiyyatda narahatlıqlar olduğunu göstərir. Hətta FED-in son iclasının icitimaiyyət üçün açıqlanan protokollarının stenoqramı göstərir ki, qurumda olan peşəkarlar yaxın dövr üçün ABŞ-da yeni ressesiya riskini real sayırlar”.

R. Ağayev bildirib ki, eyni zamanda Asiya və Avropanın iqtisadi nəhənglərinin hamısında iqtisadi artımın zəifləməsi müşahidə edilir:

“Bunun üzərinə onu da əlavə edin ki, ötən həftə ABŞ neft hasilatında yeni rekorda çıxdı - gündəlik hasilat 200 min barrel artaraq 12.6 mln. barrelə çatdı. Neft məhsullarının ixracı da ilin əvvəlindən 20% artaraq tarixi rekord göstəriciyə yetişib”.

İqtisadçı baş verənlərin Azərbaycana təsirlərinə də aydınlıq gətirib:

“Əsas narahatlıq odur ki, yeni bir ressesiya neft bazarını yenidən çalxalasa, ən böyük zərbəni dayanıqlı iqtisadi inkişafa malik olmayan resurs ölkələri alacaq. Azərbaycan iqtisasiyyatı 2015-2016-cı ilin iqtisadi şokundan hələ də özünə gələ bilmir”.

Firuzə Vahid / REDAKTOR.AZ