Azərbaycanda sentyabrda gündəlik neft hasilatı 755 min barel olub

 10:30 11.10.2019     256

Azərbaycanda cari ilin sentyabr ayı üzrə gündəlik neft hasilatı 755 min barel olub.

Energetika Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bunun 683 min barelini xam neft, 72 min barelini kondensat təşkil edib. Gündəlik 560 min barel xam neft, 68 min barel kondensat, 6,2 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barel təşkil edib.

Energetika Nazirliyi sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC+” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.