Türkdilli Dövlətlərin ortaq İnvestisiya Fondu yaradılacaq

 10:56 11.10.2019     297

“Türk Şurasının 10 illik yubileyi ərəfəsində Özbəkistanın quruma üzv olması əlamətdar hadisədir”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək VII Zirvə Görüşü çərçivəsində ADA Universitetində təşkil edilən “Türkdilli Dövlətlərin rəsmi inkişaf agentliklərinin beynəlxalq yardım sisteminə inteqrasiyasının təşviqi: Səmərəli humanitar və inkişafa yardım üzrə əməkdaşlıq” mövzusunda Konfransda Türk Şurasının Baş Katibinin müavini Qismət Gözəlov bildirib.

Q.Gözəlov deyib ki, Türkmənistanın da yaxın gələcəkdə Türk Şurasına üzv olacağına ümid edirlər: “Avropanın mərkəzində yerləşən Macarıstanın da Türk Şurasında müşahidəçi qismində təmsil olunması mühüm hadisə olacaq. Bu gün Bakıda VII Zirvə Görüşü çərçivəsində böyük biznes forumu keçiriləcək. Bu Zirvə Görüşündə əsas məqsədlərdən biri kiçik və orta sahibkarlığa dəstək verməkdir və bu forum da biznesin inkişafına dəstək verəcək. Yaxın zamanlarda ortaq İnvestisiya Fondunun qurulması istiqamətində iş aparılır. Ortaq İnvestisiya Fondunun qurulması biznesin inkişafına dəstək olacaq”.

Baş Katibin müavini qeyd edib ki, əsas məqsədlərdən biri Çindən yüklərin maneəsiz bir şəkildə elektron xəbərləşmə yolu ilə Avropaya çatdırılmasına nail olmaqdır: “Bu istiqamətdə gömrük sahəsində bir çox sənədlər imzalanıb. Digər tərəfdən, Türk Şurası çərçivəsində 22 universitetin birliyi yaranıb. Gənclər və idman sahəsində əməkdaşlıq davam edir. Bakıda VII Zirvə Görüşü çərçivəsində oktyabrın 13-də Gənclər Forumu keçiriləcək. Gənclər Forumunda keçiriləcək seçkidə sədr seçiləcək gənc Zirvə Görüşündə dövlət başçıları ilə birgə iştirak edəcək” .

Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin mütəmadi görüşlər keçirdiyini deyən Q.Gözəlov, son görüşün sentyabr ayında Budapeştdə Türk Şurasının ofisində keçirildiyini nəzərə çatdırıb: “Eyni zamanda, diaspor sahəsində əməkdaşlıq edirik. Bir müddət əvvəl Nyu-Yorkda diaspor nümayəndələri ilə görüş keçirdik. Gələn il Nyu-Yorkda Türkiyənin inşasını başa çatdıracaq "Türk Evi"ndə diasporla bağlı tədbir keçirəcəyik”.